Blinkenin Brüssel görüşü ilə bağlı izahı ciddi qədul edilə bilməz - RƏY
- 05 aprel, 2024
- 07:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisin deputatı Kamal Cəfərov hesab edir ki, ABŞ Dövlət katibi Antoni Blinkenin bu gün Brüsseldə baş tutacaq ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı İlham Əliyevlə telefon danışığı zamanı izahı ciddi qəbul edilə bilməz.
“Report”a açıqlamasında deputat qeyd edib ki, son altı ayda Ermənistan-Azərbaycan sərhədi ən sakit dövrünü yaşayıb.
“Hər iki ölkə arasında müxtəlif çərçivələrdə təmaslar olub. Hazırda Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Ancaq bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan keçiriləcək görüş Qərbin regional sülhlə bağlı səmimi olmamasını, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmaq cəhdini göstərir. Çünki bu görüş qeyri-şəffaf hazırlanıb, regional inkluzivliy və xarakter məqsədli formada nəzərə alınmayıb”, - o deyib.
O hesab edir ki, görüş qabağı ABŞ Prezidenti Co Baydenin mövcud səhhəti fonunda hazırda dövləti de-fakto idarə edən dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və vəziyyəti izah etməyə çalışması ölkənin dövlət başçısının qlobal səviyyədə nüfuzunun və regionda Azərbaycanın rəyi nəzərə alınmadan sülh və əməkdaşlığın təmin edilməyəcəyinin göstəricisidir.
“Blinken cənab Prezidentlə telefon danışığında bu görüşün Azərbaycana qarşı olmadığını, Ermənistanla ticarət əlaqələrin inkişafına həsr olunuğunu bildirib. Onun bu izahı isə heç bir halda ciddi qəbul edilə bilməz”, - deputat bildirib.
K.Cəfərov vurğulayıb ki, Paris, Vaşinqton və Brüsselin Ermənistana istənilən iqtisadi çağırışı ermənilər üçün Moskva bazarı ilə müqayisə olunacaq imkanı təmin edə bilməz:
“Hazırda erməni məhsullarının, kapitalının və ən əsası işçi qüvvəsinin Rusiya bazarına sərbəst çıxışı var. Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur. İrəvanın əsas iqtisadi və nəqliyyat infrastrukturlarının benefisiarı rus şirkətləridir.
Ermənistan və Rusiya münasibətlərinin tarixini və mürəkkəbliyini dəqiq bilən Qərb Ermənistanla iqtisadi əməkdaşlıqda heç bir perspektiv görmür. Əsas məqsəd Rusiyaya qarşı Ukraynadan sonra Ermənistanda yeni cəbhə açmaqdır. Bunu da regionda yeni münaqişə ocağı yaratmaq, Ermənistanı Azərbaycana qarşı revanşa hazırlamaq yolunda görür”.
K.Cəfərov bəyan edib ki, Azərbaycanın mövqeyi isə qəti və aydındır:
“Azərbaycan Prezidenti antiterror tədbirlərindən sonra bildirmişdi: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən, erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən, dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”.