Bəhreyn yaşıllaşdırma və "ağıllı" həllər sahəsində Bakının təcrübəsini tətbiq etməyi planlaşdırır

Xarici siyasət
  • 18 may, 2026
  • 14:06
Bəhreyn yaşıllaşdırma və ağıllı həllər sahəsində Bakının təcrübəsini tətbiq etməyi planlaşdırır

Bəhreyn "yaşıl" həllər və dayanıqlı şəhərsalma sahəsində Bakının təcrübəsini ətraflı öyrənməyi və bu yanaşmaları sonradan tətbiq etməyi nəzərdə tutur.

Bu barədə "Report"a Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Bəhreynin "Eskan Bank"ının satış və marketinq üzrə menecer köməkçisi Haməd Əlqasir bildirib.

O vurğulayıb ki, Bəhreyn nümayəndə heyəti şəhərlərin yenilənməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsində son dərəcə maraqlıdır. Onun sözlərinə görə, Bakıdakı forum artıq bütün gözləntiləri üstələyib və Bəhreyn tərəfi xüsusilə də Azərbaycandan onun paytaxtının qısa müddətdə necə gözəl və müasir meqapolisə çevrilməsi təcrübəsini öyrənməyi planlaşdırır.

Əlqasir qeyd edib ki, ekstremal isti, faktiki olaraq səhra iqlimi şəraitində ekoloji yanaşmaların tətbiqi Bəhreyn üçün əsas vəzifələrdən biri olaraq qalır. Qeyd olunan səbəblərdən ölkədə genişmiqyaslı yaşıllaşdırmanın inkişafında obyektiv çətinliklər yaranır. "Məhz buna görə də biz bura gələrək "yaşıl" həllər və Bakı kimi şəhərlərin yaşıl, dayanıqlı və "ağıllı" olmaq üçün hansı resurslardan istifadə etdikləri barədə daha çox öyrənmək istəyirik", - o bəyan edib.

Nümayəndə bildirib ki, WUF13-də iştirak Bəhreynə Azərbaycan nazirlikləri və şirkətləri ilə birbaşa əməkdaşlıq qurmağa imkan verəcək ki, bu da ikitərəfli əlaqələrin ən yaxşı forması olacaq. O, forum çərçivəsində rəsmi sənədlərin imzalanması mümkünlüyü ilə bağlı bildirib ki, Bəhreynin mənzil tikintisi nazir hazırda Bakıdadır və panellərdə spiker qismində iştirak edir. "İmzalanma mümkündür. Mənzil tikintisi nazirimiz buradadır. Düşünürəm ki, o, spiker qismində iştirak edir, lakin hələlik hansısa sənədin imzalanıb-imzalanmayacağını bilmirəm", - Əlqasir bildirib.

O, həmçinin əlavə edib ki, forumun Bəhreyn üçün əsas nəticəsi şəhər inkişafı sahəsində yeni beynəlxalq təcrübənin əldə edilməsi olmalıdır. "Biz təkcə Bakı və Azərbaycandan deyil, bütün dünyadan – Bəhreyndə şəhər planlaşdırmasının və şəhər yenilənməsinin necə yaxşılaşdırılması ilə bağlı daha çox təcrübə əldə etmək istəyirik. Söhbət həm köhnə şəhərlərin bərpasından, həm də yaşıllaşdırmanın inkişafından, tullantıların emalından və yaşıl enerji sahəsindən gedir", - Bəhreyn nümayəndəsi vurğulayıb.