Bəhreyn AQEM çərçivəsində dəniz və hava təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsinə çağırıb
- 15 oktyabr, 2026
- 14:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bəhreyn Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) etimad quruculuğu tədbirlərinin dəniz və hava təhlükəsizliyi sahəsini də əhatə etməsini təklif edir.
"Report" xəbər verir ki, bunu Bəhreynin xarici işlər naziri Abdullatif bin Rəşid Əl Zəyani AQEM-in Bakıda keçirirlən VII Zirvə Görüşündə bəyan edib.
Onun sözlərinə görə, Bəhreyn dəniz və hava nəqliyyatının təhlükəsizliyini də əhatə etmək və AQEM-i ölkələri birləşdirən marşrutların qorunması üçün praktiki platformaya çevirmək məqsədilə mövcud etimad quruculuğu tədbirlərinin genişləndirilməsini təklif edir.
"Bəhreyn BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına uyğun olaraq, qanunsuz məhdudiyyətlər və rüsumlar tətbiq edilmədən təhlükəsiz və maneəsiz dəniz və hava nəqliyyatının, eləcə də tranzit keçid hüququnun təmin edilməsinə çağırır", - nazir qeyd edib.
O həmçinin vurğuladı ki, Azərbaycan təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş etimadın möhkəmləndirilməsi tədbirini əlaqələndirir. Bəhreyn həmin tədbirin dəniz və hava nəqliyyatının təhlükəsizliyi məsələlərini də əhatə edəcək şəkildə genişləndirilməsini dəstəkləyir.
Əl Zəyani əlavə edib ki, regionda tam qarşılıqlı əlaqəliliyin təmin edilməsi, o cümlədən Fələstin məsələsinin həlli ilə bağlı ədalətli və hərtərəfli sülhün bərqərar olması olmadan mümkün deyil.
Onun sözlərinə görə, Kral Həməd bin İsa Əl-Xəlifənin rəhbərliyi altında Bəhreyn ölkələrin dəniz və hava yolları, eləcə də iqtisadiyyatlarının fəaliyyəti üçün zəruri olan şəbəkələr vasitəsilə əlaqəliliyini təmin edən norma və qanunlara riayət edəcək.