Baş katib: Bakıda beyin mərkəzləri forumunun keçirilməsi AQEM-in inkişafına töhfə verəcək
- 10 sentyabr, 2025
- 11:59

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda Beyin Mərkəzləri Forumunun təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.
"Report" xəbər verir ki, o, bunu bu gün AQEM-in 13-cü Beyin Mərkəzləri Forumunun bağlanışında deyib.
"Forumun Bakıda keçirilməsi təşkilatın coğrafi mövcudluğunu genişləndirdi və müzakirələrə yeni regional perspektivlər gətirdi", - o bildirib.
AQEM-in Baş katibi forumun iştirakçılara Azərbaycanın mədəniyyəti və qonaqpərvərliyi ilə şəxsən tanış olmaq imkanı verdiyini vurğulayıb, həmçinin bu təşəbbüsün gələcəkdə üzv ölkələrdə görüşlərin təşkili üçün dəyərli presedent kimi əhəmiyyətini qeyd edib.
K.Sarıbay əlavə edib ki, Azərbaycanın təşəbbüsü həmçinin regional əməkdaşlığı gücləndirir və AQEM-in bilik və təcrübə mübadiləsi platforması kimi gələcək inkişafına əhəmiyyətli töhfə verir.