Bakıda Litvanın müstəqilliyinin bərpasının 108-ci ildönümü qeyd edilib

Xarici siyasət
  • 11 fevral, 2026
  • 21:00
Bakıda Litvanın müstəqilliyinin bərpasının 108-ci ildönümü qeyd edilib

Bakıda Litvanın müstəqilliyinin bərpasının 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

"Report" xəbər verir ki, tədbirin açılışında Litvanın Azərbaycandakı səfiri Kyastutis Vaşkelyaviçyus salamlama nitqi ilə çıxış edib.

Səfir fevralın 16-da qeyd olunan bayramın tarixini xatırladıb. Məhz həmin gün 1918-ci ildə Vilnüsdə keçirilən iclasda xalqın səlahiyyət verdiyi Litva Şurası müstəqil demokratik Litva dövlətinin bərpasını elan edib.

O, həmçinin müstəqil respublikaların qurulmasında Azərbaycan və Litvanın tarixi yollarının oxşarlığını vurğulayıb.

"Azərbaycandakı (1990-cı illərdə - red.) və ya bu gün Ukraynadakı hadisələr bizə xatırladır ki, tarix sülhə, ədalətə və ya azadlığa doğru avtomatik olaraq irəliləmir. Müstəqillik qaçılmaz olduğu üçün deyil, o qorunduğu və dostların həmrəyliyi ilə möhkəmləndiyi üçün yaranır. Qoy Litvanın, Azərbaycanın və azadlığı uca tutan bütün xalqların bir dəfə yüksəlmiş bayrağı heç vaxt enməsin", - Vaşkelyaviçyus bildirib.

Daha sonra Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edib. O, ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasını qeyd edib, Bakı ilə Vilnüs arasında əməkdaşlığın yüksək səviyyəsini vurğulayıb.