Bakıda Bahar xeyriyyə yarmarkası keçirilib

Xarici siyasət
  • 13 aprel, 2026
  • 14:36
Bakıda Bahar xeyriyyə yarmarkası keçirilib

Bakıda çox sayda sakini və şəhərin qonağını bir araya gətirən Bahar xeyriyyə yarmarkası keçirilib.

Bu barədə "Report"a Qazaxıstanın Bakıdakı səfirliyindən bildirilib.

Tədbirin təşkilatçıları Bakı Beynəlxalq Qadınlar Klubu (International Women's Club – Baku) və Qazaxıstanın Azərbaycandakı səfirliyi olub.

Yarmarkanı Bakıda fəaliyyət göstərən onlarla xarici ölkə səfirliyi, yerli və xarici şirkətlər, könüllülər dəstəkləyib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel salamlama nitqi ilə çıxış edərək dünyada baş verən sarsıntılar fonunda bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Diplomat vurğulayıb ki, qarşılıqlı yardım və ehtiyacı olanlara, xüsusən də uşaqlara və qadınlara dəstək bizim sivilizasiya kodumuzun ayrılmaz hissəsidir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev könüllülüyə xüsusi əhəmiyyət verir.

Bakı Beynəlxalq Qadınlar Klubunun prezidenti Asemgül Bayel yarmarkanın təşkilinə töhfə verən hər kəsə təşəkkür edərək hər bir ianənin ünvanına çatacağını əlavə edib. Toplanan vəsait şəhid və qazi ailələrinə, sağlamlıq imkanları məhdud olan uşaqlara, köməyə ehtiyacı olan qadın sahibkarlara, uşaqlarını tək böyüdən analara, uşaq evlərinə dəstək üçün istifadə olunacaq. Asemgül Bayel qeyd edib ki, Beynəlxalq Qadınlar Klubunun missiyası ehtiyacı olanlara dəstək olmaq və müxtəlif mədəniyyətlərdən olan insanlar arasında dialoqu inkişaf etdirməkdir.

Tədbirin açılışında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, eləcə də Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış ediblər. Onlar yarmarkanın təşkilatçılarına təşəkkür ediblər. Qonaqlar diqqətə çatdırıblar ki, Bakı sakinləri xeyriyyə yarmarkası vasitəsilə qazax mədəniyyəti ilə də daha yaxından tanış olurlar.

Yarmarka çərçivəsində yerli və xarici ustaların əl işlərinin və sənətkarlıq məmulatlarının, müxtəlif xalqların yeməklərinin satışı təşkil olunub. Həmçinin, maraqlı musiqi proqramı və əyləncələr təqdim olunub, lotereya, hədiyyə uduşları təşkil edilib.

Bakı Beynəlxalq Qadınlar Klubu - otuz ildən artıq müddət əvvəl təsis edilib, müxtəlif ölkə və mədəniyyətləri təmsil edən qadınları dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə birləşdirən qeyri-kommersiya təşkilatıdır. Bakıda akkreditə olunmuş səfirlərin həyat yoldaşları, tanınmış qadın sahibkarlar və ictimai xadimlər klubun üzvləridir. 1 fevral 2026-cı ildən Qazaxıstanın Azərbaycandakı səfirinin həyat yoldaşı Asemgül Bayel Klubun prezidenti seçilib. Vitse-prezident isə azərbaycanlı sahibkar Cəmilə Hüseynovadır.