Almaniyada "IG Metall" həmkarlar ittifaqı genişmiqyaslı tətil elan edib
- 23 noyabr, 2026
- 13:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın ən böyük və ən nüfuzlu həmkarlar ittifaqı olan "IG Metall" davam edən əməkhaqqı mübahisəsi ilə əlaqədar tətil elan edib.
"Report" xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Həmkarlar ittifaqı Şimali Almaniyadakı 19 zavodda təxminən 23 min işçini işi dayandırmağa çağırıb. Bu tədbirlərdən təsirlənə biləcək şirkətlər arasında "Siemens", "Mercedes Benz" və "Meyer Werft" gəmiqayırma tərsanəsi də var.
"IG Metall" tətillərin işəgötürənlərə təzyiqi artıracağına və onların əməkhaqqının 5 % artırılması ilə bağlı irəli sürülən tələbləri qəbul edəcəyinə ümid edir. İndiki mərhələdə işəgötürənlər gələn il birdəfəlik ödənişin həyata keçirilməsini və 2028-ci ilin iyulundan etibarən əməkhaqqının 1,3 % artırılmasını təklif ediblər.
Cümə günü keçirilən analoji tətildə 12 mindən çox işçi iştirak edib.