Bakı Təşəbbüs Qrupu: Hindistanın Siqhlərə qarşı törətdiyi qanlı hadisələrə görə heç bir məmur cəzalandırılmayıb

Xarici siyasət
  • 02 fevral, 2026
  • 15:37
Bakı Təşəbbüs Qrupu: Hindistanın Siqhlərə qarşı törətdiyi qanlı hadisələrə görə heç bir məmur cəzalandırılmayıb

Siqhlərə qarşı törədillmiş qanlı hadisələrə görə yüksək ranqlı məmurların və siyasi fiqurların heç biri cəzalandırılmayıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun Hindistanın iki nüfuzlu insan haqları təşkilatının 1984-cü ilin noyabrında birgə hazırladığı "Who Are the Guilty?" adlı hesabat əsasında apardığı təhlildə qeyd olunub.

Bildirilib ki, Hindistan hökumətinin törətdiyi qırğınlar beynəlxalq insan haqları təşkilatları tərəfindən "dövlət səviyyəsində təşkil olunmuş qırğın" (organized carnage) kimi xarakterizə olunub və bu kontekstdə geniş şəkildə istinad edilən əsas sənədlərdən biri kimi qəbul edilir.

Qeyd edək ki, hesabat Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi (People's Union for Civil Liberties, PUCL) və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi (People's Union for Democratic Rights, PUDR) tərəfindən 1984-cü il qətliamlarının baş verdiyi ərazilərdə aparılmış araşdırma əsasında hazırlanıb.

Məqsəd 1984-cü il oktyabrın 31-də paytaxt Dehli və ətraf ərazilərdə Siqh icmasına qarşı törədilən sistemli kütləvi zorakılıq hadisələrini obyektiv şəkildə araşdırmaq, bu hadisələrin səbəblərini, təşkilatlanma mexanizmlərini, icraçılarını və sosial-siyasi nəticələrini sistemli təhlil etməkdir.

Hesabat Hindistan hökumətinin zorakılıqlarından və təqiblərindən canını qurtaran və sağ qalanlar, şahidlər, qaçqın düşərgələrində yerləşən şəxslərin, polis və administrasiya nümayəndələrinin, həmçinin siyasi rəsmilərin müsahibələri əsasında qurulub.

Zorakılıq aktlarının pik həddi 1984-cü il noyabrın 1-3-də qeydə alınıb. Araşdırma qrupu birbaşa şahid ifadələrinə əsaslanaraq təkcə Dehlidə ümumi qurban sayının 1000 nəfərdən çox olduğunu qeyd edir. Dehlinin Trilokpuri və Manqolpuri rayonlarında yüzlərlə ölüm hadisəsi qeydə alınıb. Zorakılığın daha genişmiqyaslı sosial və iqtisadi nəticələri də dərin olub.

Rəsmi məlumatlara görə, yardım düşərgələrində 20 000 nəfər qeydiyyata alınsa da, faktiki olaraq 50 000-dən artıq şəxs evsiz qalıb və köçkün vəziyyətinə düşüb. Minlərlə ailə başsız qalıb, yüzlərlə uşaq yetim qalıb, çoxsaylı şəxslər ağır bədən xəsarətləri alıb. Psixoloji təsirlər uzunmüddətli xarakter daşıyıbr, sağ qalmış şəxslərin əksəriyyəti ağır travma keçirmiş, evlərinə qayıtmaqdan imtina edib və dərin ruhi çətinliklərlə üzləşib.

Hesabata əsasən, 20–50 yaş arası gənc Siqh kişiləri evlərdən zorla çıxarılıb, döyülmə, bıçaqlanma, linç edilmə və ya diri-diri yandırılma (adətən kerosin və ya benzinlə sulandıqdan sonra, bəzən boyunlarına təkərlər taxılaraq) kimi son dərəcə qəddar üsullarla qətlə yetirilib. Eyni zamanda, geniş miqyasda qarət aparılıb, evlər, mağazalar, gurudvaralar (siqh məbədləri) və məktəblər yandırılıb, habelə qrup zorlamaları törədilib. Bunlardan 14–50 yaş arası qadınlara qarşı ən azı dörd hal sənədləşdirilib.

Sənəd bu hadisələrin sistemli xarakterini və dövlət qurumlarının məsuliyyətini nəzərə alaraq dərhal müstəqil məhkəmə araşdırmasının aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib. Bu tələblər sonradan Mishra (1985) və Nanavati (2005) komissiyalarının yaradılmasına təsir göstərsə də, cəzasızlıq mühiti hələ də davam edir. Belə ki, Siqhlərə qarşı törədillmiş qanlı hadisələrə görə yüksək ranqlı məmurların və siyasi fiqurların heç biri cəzalandırılmayıb.

Xatırladaq ki, keçən ay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda baş tutan beynəlxalq konfransın sonunda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Siqh icmalarının nümayəndələri Hindistan hökumətindən təqibləri dayandırmağı və törədilmiş qətliamları tanımağı tələb ediblər.