Anuar Nuraxmetov: "Azərbaycan regional kibertəhlükəsizlik mərkəzinə çevrilə bilər" - Müsahibə

İKT
  • 02 noyabr, 2026
  • 14:03
Anuar Nuraxmetov: Azərbaycan regional kibertəhlükəsizlik mərkəzinə çevrilə bilər - Müsahibə

Azərbaycanda kibertəhlükəsizlik xidmətlərinin inkişafı, rəqəmsal təhlükəsizlik sahəsində ixtisaslaşmış kadr potensialının artırılması və ölkənin regional mərkəzə çevrilməsi üçün geniş imkanlar mövcuddur. Enerji, telekommunikasiya və nəqliyyat sektorlarında uğurları onun beynəlxalq qlobal rəqabət üstünlüyü qazanmasına şərait yarada bilər. Bundan başqa, idarə olunan kibertəhlükəsizlik xidmətləri, sənaye sistemlərinin qorunması, bulud texnologiyaları və süni intellekt təhlükəsizliyi yaxın illərdə investisiya və biznes inkişafının əsas istiqamətlərindən ola bilər.

"KPMG Azərbaycan" şirkətində Texnologiya üzrə konsaltinq xidmətlərinin rəhbəri və direktoru Anuar Nuraxmetov "Report"a müsahibəsində kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, dövlət, özəl sektor, universitetlər və beynəlxalq texnologiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycanın rəqəmsal təhlükəsizlik xidmətləri ixracı potensialı barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Azərbaycanın Qafqaz və Mərkəzi Asiyada kibertəhlükəsizlik xidmətləri və rəqəmsal təhlükəsizlik təcrübəsi üzrə regional mərkəz kimi mövqeyini gücləndirməsi üçün hansı imkanlar görürsünüz?

- Hesab edirəm ki, Azərbaycan regional kibertəhlükəsizlik mərkəzinə çevrilmək üçün yaxşı potensiala malikdir. Bu baxımdan, enerji, maliyyə xidmətləri, telekommunikasiya və nəqliyyat sahələrində toplanmış təcrübədən istifadə etmək xüsusilə önəmlidir.

Qlobal tələbat, şübhəsiz ki, mövcuddur. 1 400 baş icraçı direktor arasında keçirilmiş sorğuya əsaslanan KPMG-nin "2026 Global CEO Outlook" araşdırmasına görə, respondentlərin 31 %-i kibertəhlükəsizlik və məlumat təhlükəsizliyini biznesin inkişafı üçün ən böyük risk kimi göstərib, 45 %-i isə kibertəhlükəsizliyə və rəqəmsal risklərə davamlılığa investisiyaların artdığını bildirib.

Azərbaycan kibertəhlükəsizlik çərçivəsinin gücləndirilməsi istiqamətində də irəliləyiş əldə edib. Ölkə Beynəlxalq Telekommunikasiya İttifaqının 2024-cü il Qlobal Kibertəhlükəsizlik İndeksində Qazaxıstan, Gürcüstan və Özbəkistan kimi regional ölkələrlə birlikdə ikinci ən yüksək kateqoriya olan "Tier 2"də yer alıb. 2026-cı ilin iyununda Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması da müsbət addımdır.

Buna baxmayaraq, güclü milli kibertəhlükəsizlik imkanları avtomatik olaraq rəqabətədavamlı kibertəhlükəsizlik xidmətləri sektorunun formalaşması demək deyil. Beynəlxalq müştərilər sübut olunmuş təcrübə, tanınmış standartlar və etibarlı xidmət gözləyirlər.

Mən idarə olunan təhlükəsizlik xidmətləri, insidentlərə cavab tədbirləri, bulud təhlükəsizliyi və sənaye kibertəhlükəsizliyi sahələrində xüsusi imkanlar görürəm. Azərbaycan bütün seqmentlərdə eyni vaxtda rəqabət aparmaq əvəzinə, sektoral təcrübəsinin rəqabət üstünlüyü yaratdığı sahələrə fokuslana bilər.

Nəticə etibarilə, uğurun əsas göstəricisi Azərbaycan şirkətlərinin beynəlxalq müştəriləri cəlb etməsi və kibertəhlükəsizlik xidmətlərinin dayanıqlı ixracını formalaşdıra bilməsi olacaq.

- Azərbaycan dövlət, özəl sektor, universitetlər və beynəlxalq texnologiya şirkətləri arasında əməkdaşlıq daxil olmaqla, daha güclü kibertəhlükəsizlik ekosisteminin inkişafı üçün hansı əlavə addımları ata bilər?

- Azərbaycanda artıq bu cür əməkdaşlığın bir sıra perspektivli nümunələri mövcuddur. Buraya Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin iştirakı ilə yerli universitetlərdə yaradılmış praktiki kibertəhlükəsizlik laboratoriyaları daxildir.

Hesab edirəm ki, növbəti prioritet bu təşəbbüslərin biznesin real ehtiyacları ilə daha sıx əlaqələndirilməsi olmalıdır. Dünya İqtisadi Forumunun "Global Cybersecurity Outlook 2026" araşdırması göstərib ki, kiberdayanıqlılığı kifayət qədər olmayan təşkilatların 85 %-i kritik kibertəhlükəsizlik bacarıqlarının çatışmazlığı ilə üzləşib. Yüksək kiberdayanıqlılığa malik təşkilatlarda isə bu göstərici cəmi 22 % olub. Bu, təcrübəli mütəxəssislərə çıxışın nə qədər vacib olduğunu göstərir.

Buna görə də Azərbaycanda diqqət yalnız təlim və sertifikatlaşdırma ilə məhdudlaşmamalıdır. Banklar, enerji şirkətləri və digər iri işəgötürənlər universitet proqramlarında daha fəal iştirak edə, təcrübə proqramları, praktiki tapşırıqlar və real kibertəhlükəsizlik məsələləri üzərində işləmək imkanları təklif edə bilərlər. Beynəlxalq texnologiya şirkətləri yerli mühəndis komandaları yaratmaqla və azərbaycanlı mütəxəssisləri regional layihələrə cəlb etməklə töhfə verə bilərlər. Eyni zamanda, yerli kibertəhlükəsizlik şirkətlərinə həllərini müştərilərlə sınaqdan keçirmək və kommersiya istinadları formalaşdırmaq imkanları lazımdır.

İstedadların ölkədə saxlanılması da eyni dərəcədə vacibdir. Məqsəd yalnız daha çox mütəxəssis hazırlamaq deyil, onların uğurlu karyera qura və rəqabətədavamlı yerli kibertəhlükəsizlik sənayesinin inkişafına töhfə verə biləcəyi mühit yaratmaq olmalıdır.

- Bəs süni intellekt, bulud təhlükəsizliyi, məlumatların qorunması və kibertəhlükəsizlik xidmətləri kimi hansı istiqamətlər Azərbaycanda və regionda investisiya, biznesin inkişafı üçün ən böyük potensiala malikdir?

- Mən dörd istiqaməti qeyd edərdim: idarə olunan kibertəhlükəsizlik xidmətləri, sənaye kibertəhlükəsizliyi, bulud və məlumatların qorunması, süni intellekt təhlükəsizliyi. Bununla belə, onların kommersiya potensialı və bazar yetkinliyi fərqlidir.

Qısamüddətli perspektivdə idarə olunan kibertəhlükəsizlik xidmətləri ən aydın imkanlardan biridir. Bir çox təşkilat ehtiyac duyduğu bütün ixtisaslaşmış kibertəhlükəsizlik imkanlarını daxildə təmin edə bilmir. KPMG-nin ABŞ-nin iri təşkilatları arasında keçirdiyi "2026 Cybersecurity & Technology Risk Survey" araşdırmasına görə, respondentlərin 55 %-i kibertəhdidlər barədə məlumat üçün idarə olunan xidmət təminatçılarından istifadə edib. Azərbaycan fərqli bazar olsa da, ixtisaslaşmış təcrübəyə olan əsas tələbat aktualdır.

Sənaye kibertəhlükəsizliyi isə xüsusən Azərbaycanın enerji, nəqliyyat və kritik infrastruktur sahələrindəki təcrübəsini nəzərə aldıqda, perspektivli istiqamətdir. Sənaye idarəetmə sistemlərinin qorunması ixtisaslaşmış texniki və əməliyyat bilikləri tələb edir və bu, yerli xidmət təminatçıları üçün rəqabət üstünlüyünə çevrilə bilər.

Təşkilatlar texnoloji mühitlərini modernləşdirməyə davam etdikcə, bulud təhlükəsizliyi, identifikasiyanın idarə edilməsi və məlumatların qorunmasına tələbat da artmalıdır.

Süni intellekt həm kibertəhlükəsizlik əməliyyatlarının təkmilləşdirilməsi, həm də süni intellekt tətbiqlərinin qorunması üçün imkanlar yaradır. Dünya İqtisadi Forumunun məlumatına görə, süni intellekt alətlərinin təhlükəsizliyini qiymətləndirmək üçün proseslərə malik təşkilatların payı 2025-ci ildəki 37 %-dən 2026-cı ildə 64 %-ə yüksəlib. Bununla belə, süni intellektlə bağlı hər bir kibertəhlükəsizlik həllini avtomatik olaraq güclü investisiya imkanı kimi qiymətləndirməyə ehtiyatla yanaşardım. Müştərilər təhlükəsizlik, səmərəlilik və ya risklərin azaldılması baxımından ölçülə bilən nəticələr gözləyəcəklər.

Ümumilikdə, qısamüddətli kommersiya potensialını idarə olunan təhlükəsizlik xidmətləri və bulud təhlükəsizliyində görürəm. Sənaye kibertəhlükəsizliyi isə mühüm regional ixtisaslaşmaya çevrilə bilər. Süni intellekt təhlükəsizliyi texnologiyanın tətbiqi və müştəri tələbatı yetkinləşdikcə daha uzunmüddətli artım potensialına malikdir.

Azərbaycan üçün prioritet biznesin real ehtiyaclarına cavab verən və gələcəkdə daxili bazardan kənarda da rəqabət apara biləcək imkanların inkişafı ola bilər.

44 filmi