Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Azərbaycan əleyhinə vərəqələrlə bağlı məlumata aydınlıq gətirib
- 31 avqust, 2015
- 08:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin şərəfinə inşa olunan xatirə lövhəsinin götürülməsi tələbi ilə ermənilərin şəhərdə keçirdikləri qarayaxma kampaniyası barədə KİV-də yayılan məlumatlara aydınlıq gətirib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamovun "Report"a bildirdiyinə görə, bu informasiya köhnəlmişdir və buna əhəmiyyət vermək lazım deyil.
Onun sözlərinə görə, bu informasiya ilə bağlı Baş Konsulluq Rusiyanın müvafiq orqanlarına müraciət edib: "Bundan əlavə, biz özümüz ora yaxın ərazilərə baxış keçirdik və heç bir vərəqələrə rast gəlmədik. Biz, həmçinin ümummilli liderin şərəfinə ucaldılmış xatirə lövhəsinə də baxış keçirdik və orada heç bir dəyişiklik görmədik. Lövhə tər-təmizdir və yerində durur".
Bir qədər əvvəl KİV-də Sankt-Peterburq küçələrində 2005-ci ildə Qoroxovaya küçəsində ümummilli lider Heydər Əliyevin şərəfinə ucaldılan xatirə lövhəsinin demontaj olunması ilə bağlı şəhər hakimiyyət orqanlarına müraciət xarakterli vərəqələrin yapışdırıldığı haqqında informasiya dərc olunmuşdu.