“Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işini davam etdirib - YENİLƏNİB

Xarici siyasət
  • 23 noyabr, 2023
  • 15:45
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işini davam etdirib - YENİLƏNİB

“Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işini davam etdirib.

"Report"un yerli bürosu xəbər verir ki, noyabrın 23-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında öz işini davam etdirən festival-konqresdə Qərbi Azərbaycana həsr olunmuş sərgiyə baxış olub. Sərgidə bu əzəli yurd yerimizə aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev, dövlət və ictimaiyyət xadimləri, media nümayəndələri sərgiyə baxıblar.

AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində çıxışı zamanı deyib: “Bu gün yaşadığımız qürurlu və sevincli günləri görmək üçün xalqımız 200 ildir ki, yaşadı, yaratdı, zəngin adət-ənənələrini qoruyub saxladı. Vətən müharibəsindəki parlaq qələbəmiz sayəsində bu günləri görmək bizə nəsib oldu. Bu formatda ilk tədbirin məhz Naxçıvanda keçirilməsi təsadüfi deyil. Ulu Öndərimiz Heydər Əliyev başda olmaqla Azərbaycana böyük şəxsiyyətlər bəxş edən Naxçıvan həm də həmin çətin günlərdə Qərbi azərbaycanlı soydaşlarımıza qucaq açıb. Təsadüfi deyil ki, deportasiyaya uğrayan Qərbi azərbaycanlıların böyük əksəriyyəti Naxçıvanda məskunlaşıb”.

Türkiyə Respublikasının Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran çıxışında Qərbi Azərbaycan torpaqlarının yüz illər boyunca azərbaycanlıların yaşadığı ərazilər olduğunu vurğulayıb. Rektor qeyd edib ki, Ermənistan tərəfindən zaman-zaman aparılan deportasiya siyasəti azərbaycanlıları öz torpaqlarından didərgin salıb, hüquqları tapdalanır: Bildirilib ki, bu gün “iki dövlət, bir millət, tək yumruq” müstəvisində bölgədə yeni bir güc yaranıb. Bu güc Qarabağ zəfərinə qovuşdurdu. Əminik ki, yeni reallıqlar Qərbi azərbaycanlı soydaşlarımızın da hüququnu bərpa edəcək, onlar öz doğma yurdlarına dönəcəklər.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, Prezident cənab İlham Əliyevin dəstəyi ilə Qərbi Azərbaycan İcmasının yaradılması Qarabağ Zəfərindən sonra mühüm mərhələ təşkil edir. İcmanın ötən dövrdəki fəaliyyəti, verilən bəyanatlar, görülən tədbirlər Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə yurduna qayıtmasına böyük hüquqi və təşkilati dəstək kimi diqqətəlayiqdir.

Türkiyənin Qazi Universitetinin rektoru, professor Musa Yıldız, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Türkiyənin Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti, professor Aygün Attar festivalda çıxış ediblər. Çıxışlarda festivalın işi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına elmi yanaşma kimi yüksək qiymətləndirilib.

Tədbir bədii hissə ilə davam edib.

13:42

Noyabrın 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres öz işinə başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilərə görkəmli dövlət xadiminin zəngin, çoxşaxəli siyasi irsi və mənalı ömür yolundan bəhs edən eksponatlar barədə məlumat verilib.

Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış tədbiri keçirilib.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib.

“Qərbi Azərbaycana qayıdış” festival-konqresin açılışı münasibətilə tədbir iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib: "Uzun illər gizli saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır. Sözsüz ki, bunun ən mühüm səbəblərindən biri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunması ilə nəticələndi. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpasıdır. Daha dəqiq ifadə etsək, Qərbi Azərbaycana qayıdışdır".

Vurğulanıb ki, 2022-ci il dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə başlanılıb, bu məqsədlə konsepsiya qəbul olunub. “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də Prezidentin bu istiqamətdə müəyyənləşdirdiyi tapşırıqların icrası, xüsusilə də Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

“Bu gün hər bir Azərbaycan vətəndaşı möhtəşəm tarixi hadisələrə şahidlik edir. Dünya birliyində söz sahibinə çevrilən güclü və qüdrətli Azərbaycan yeni reallıqlar formalaşdırır”, - deyən F.Nəcəfli bildirib ki, Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ata vəsiyyətinə əməl edərək, torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev də çıxış edərək bildirib ki, sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-23-cü illərdə 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. Həmin dövrdə 113 azərbaycandilli məktəbəqədər təhsil müəssisəsi də mövcud olub. 1981-1982-ci tədris ilində Qərbi Azərbaycanda 155 azərbaycandilli məktəb, 1986-1987-ci tədris ilində isə 206 azərbaycandilli məktəb fəaliyyət göstərib.

Nazir vurğulayıb ki, Qərbi Azərbaycandakı məktəblərin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib.

Emin Əmrullayev ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsinin olduqca vacib olduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımıza məxsus tarixi faktlar, ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponimika məlumatları, o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir. Bu baxımdan keçirilən festival-konqres mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, konqresdə 200-dək elmi çıxışlar olacaq və onlar toplanaraq nəşr ediləcək. Burada yer alan tarixi-mədəni faktlar Qərbi azərbaycanlıların layiqli və ədalətli şəkildə yurdlarına qovuşmasını təmin edəcək Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına mühüm töhfə olacaq.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qeyd edib ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstək ifadə etməsi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamaqla bağlı tapşırıqları tarixi torpaqlarımıza dönüş uğrunda səylərə yeni təkan verib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq hüquqda xalqın tarixən yaşadığı doğma yurdundan zorla çıxarılmasının cinayət əməli hesab olunduğunu diqqətə çatdırıb. Ombudsman bildirib ki, soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarından zorla çıxarılması və etnik təmizləmə siyasətini yerinə yetirənlər beynəlxalq müstəvidə cinayət məsuliyyətinə cəlb olunmalıdır. S.Əliyeva beynəlxalq təşkilatlara səslənərək, Azərbaycana qarşı ədalətli mövqe göstərməyə, Qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına səssiz qalmamağa çağırıb.

Tədbir bədii hissə ilə davam edib.

10:12

Ölkə Prezidenti cənab İlham Əliyevin yurd yuvasından didərgin düşmüş, Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətinə elmi əsaslarla dəstək olmaq, həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaq məqsədilə Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, festival-konqres iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alıb. Qərbi Azərbaycandan olan, muxtar respublikada yaşayan sakinlər ilk dəfə olaraq bir araya gələcək, ilk görüşləri keçiriləcək.
Məlumat üçün bildirək ki, konsert proqramında Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Məmmədova ilk dəfə olaraq Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin müəllifi olduğu “İrəvan” və “Naxçıvan” şikəstələrini ifa edəcək.

Festivalda “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunacaq. İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarük yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunacaq.

Qərbi Azərbaycan nümayəndə heyətinin Ordubad və Çalxanqalaya səfərləri təşkil olunacaq. Qərbi Azərbaycana həsr olunmuş “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyevanın layihə rəhbəri olduğu “Yada daşı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə hazırlanan ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev olan “Nəsil ağacı” sənədli filmləri nümayiş etdiriləcək.

Festivalda, həmçinin Qərbi Azərbaycana aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri sərgilənəcək.

44 filmi