Aİ və Avropa Şurası "Tələbə siyahısı"nı Serbiyadakı seçkilərdə qələbə münasibətilə təbrik edib

Digər ölkələr
  • 26 oktyabr, 2026
  • 03:22
Aİ və Avropa Şurası Tələbə siyahısını Serbiyadakı seçkilərdə qələbə münasibətilə təbrik edib

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "Tələbə siyahısı"nı Serbiyada keçirilən parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edərək ölkədəki demokratik islahatları dəstəkləməyə hazır olduqlarını bildiriblər.

"Report"un Avropa bürosu xəbər verir ki, onlar bu barədə "X" sosial şəbəkəsindəki paylaşımlarında qeyd ediblər.

"Biz qanunun aliliyi, media azadlığı, korrupsiyaya qarşı mübarizə və demokratik institutların möhkəmləndirilməsi sahəsində islahatları dəstəkləməyə, həmçinin Serbiyanın Avropa İttifaqındakı gələcəyi üzərində birgə işləməyə hazırıq", - açıqlamada bildirilib.

Koşta və Lyayen həmçinin seçici fəallığının rekord həddə çatdığını qeyd edərək Serbiya vətəndaşlarının öz ölkələrinin gələcəyinin müəyyənləşdirilməsində fəal iştirak etdiklərini vurğulayıblar.

Avropa Şurasının Baş katibi Alen Berse də "Tələbə siyahısı"nı səsvermənin nəticələri münasibətilə təbrik edib və Serbiyanın yeni rəhbərliyi ilə əməkdaşlığa hazır olduğunu bildirib.

"Serbiyanın "Tələbə siyahısı"nı seçkilərin nəticələri münasibətilə təbrik edirəm. Serbiya vətəndaşları öz demokratik seçimlərini etdilər. Biz keçmiş prezident Aleksandar Vuçiç tərəfindən səsvermənin nəticələrinin tanınmasını və onun hakimiyyətin dinc, demokratik yolla ötürülməsinə sadiqliyini alqışlayırıq", - Berse vurğulayıb.

Baş katib vurğulayıb ki, Avropa Şurası insan hüquqları, demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi üçün ölkənin demokratik yolla seçilmiş rəhbərliyi ilə qarşılıqlı fəaliyyət göstərməyə hazırdır.

"Sizin əzmkarlığınız, enerjiniz, Avropa prinsiplərinə və Serbiyanın gələcəyinə sadiqliyiniz sizə bu nəticəyə nail olmağa imkan verdi. Siz bizim dəstəyimizə arxalana bilərsiniz", - o əlavə edib.

Təbriklərə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos da qoşulub.

"Əziz Serbiya, sən öz səsini eşitdirdin! Demokratiya, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə naminə təxminən iki il davam edən etirazlardan sonra serblər tarixi sayda fəallıq göstərərək sandıq başına toplaşdılar. Qələbə münasibətilə "Tələbə Siyahısı"nı təbrik edirəm!" - o bildirib.

Kosun sözlərinə görə, seçkilərin nəticələri Serbiyanın Avropa İttifaqı ilə münasibətlərində yeni səhifə aça bilər.

"Bunlar məhz bizim Avropa İttifaqımızın təməlində duran dəyərlərdir. Serbiya üçün artıq yeni bir səhifə açıla bilər. Aİ-nin qapısı açıqdır və biz sizinlə birlikdə irəliləməyə tam hazırıq", - Avropa komissarı vurğulayıb.

44 filmi