Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
- 21 noyabr, 2026
- 19:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir.
"Report" xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsmi səfəri zamanı qəbul olunmuş "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nda öz əksini tapıb.
Hər iki dövlət neft-qaz sənayesində münasibətləri dərinləşdirmək, enerji məhsullarının tədarükü istiqamətində birgə fəaliyyəti artırmaq və uzunmüddətli təchizat müqavilələri imzalamaq niyyətindədirlər. Birgə sənəddə həmçinin ticarət və yatırım münasibətlərinin stimullaşdırılması, qarşılıqlı iqtisadi mexanizmlərin effektivliyinin yüksəldilməsi, eləcə də mədən sənayesi və alüminium istehsalı sahələrində əlaqələrin böyüdülməsi nəzərdə tutulur.
Aqrar sektor, meşə və balıqçılıq məhsullarının xarici bazarlara çıxışının asanlaşdırılması və kənd təsərrüfatı sahəsində müasir texnologiyalardan istifadənin dəstəklənməsi planlaşdırılır. Bundan əlavə, iqlim dəyişmələri, ekologiyanın qorunması və yaşıl inkişaf sahələrində ortaq proqramların icrası tərəflər üçün mühüm vəzifə olaraq vurğulanıb.
İki ölkə arasında sözügedən sahələrdə əməkdaşlıq həm Azərbaycanın, həm də Vyetnamın dünyada artan rolunun nəticəsi kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev vyetnamlı həmkarı To Lam ilə geniş tərkibdə görüşü zamanı bu məsələyə xüsusilə toxunub.
Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir", - İlham Əliyev vurğulayıb.
Rəsmi Bakı və Hanoy dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı üzrə təcrübə mübadiləsi aparmağı və Trans-Xəzər marşrutundan istifadə etməklə əməkdaşlığı fəal təşviq etməyi nəzərdə tutur. Birbaşa uçuşların təşkilinin təşviqi ticarət dövriyyəsini, turizm axınını və insanlararası əlaqələri artırmağa yönəlib. Təhsil və mədəniyyət üzrə gündəliyə qarşılıqlı tələbə təqaüdləri, birgə tədqiqat layihələri, davamlı akademik mübadilə və qarşılıqlı mədəniyyət günləri daxildir.
"2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir. Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır", - Vyetnam Prezidenti deyib.
Qəbul edilmiş bəyanatda ali səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin qorunması, parlamentlərarası əlaqələrin genişləndirilməsi və aidiyyəti dövlət qurumları çərçivəsində yeni fəaliyyət mexanizmlərinin təşkili imkanlarının öyrənilməsi də yer alıb. Həmçinin tərəflər müdafiə sahəsində tərəfdaşlığı irəlilətmək, transmilli cinayətkarlıq, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanlarının əlaqələndirilməsini gücləndirmək niyyətindədirlər.
Azərbaycan və Vyetnam Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) platformalarında koordinasiyanı gücləndirməyi və bir-birinə dəstək verməyi qərara alıblar. Sənəddə əlavə olaraq Azərbaycanın ASEAN təşkilatı və ona üzv olan ölkələrlə münasibətlərinin genişləndirilməsinə diqqət çəkilib.
"Əməkdaşlığımız bir çox sahələri əhatə edir və biz beynəlxalq aləmdə güclü qarşılıqlı əlaqəyə malik olduğumuz üçün çox şadıq. AQEM Zirvə Görüşündə yüksəksəviyyəli iştirakınız üçün Sizə minnətdarıq".
Qeyd edək ki, iki dövlət arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qoyulub. Ölkə rəhbərləri 2025-ci ilin 7 may tarixində qəbul olunmuş strateji tərəfdaşlığa dair birgə bəyanatın əsas prinsiplərinə sadiq qaldıqlarını yenidən təsdiqləyiblər. İmzalanan sənəddə beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü və suverenliyə hörmət qarşılıqlı münasibətlərin təməli kimi xüsusi vurğulanır.