Azərbaycan və Özbəkistan regionda mühüm tərəfdaşlara çevrilirlər - RƏY
- 24 avqust, 2026
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyevin Özbəkistana səfəri, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın III iclasının keçirilməsi bu təsisatın münasibətlərin strateji istiqamətlərini sistemli şəkildə müəyyən edən əsas mexanizmlərdən birinə çevrildiyini göstərir.
Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun fikrincə, bu il iki ölkə arasındakı siyasi müttəfiqlik artıq konkret iqtisadi nəticələrlə müşayiət olunur:
"Yeni mərhələdə Azərbaycan kapitalının Özbəkistanda iştirakı xüsusilə diqqətçəkəndir. Bankçılıq, tikinti, şəhərsalma, enerji, sənaye, kənd təsərrüfatı, təhsil və turizm kimi müxtəlif sahələrdə Azərbaycan şirkətlərinin layihələri həyata keçirilir.
Deputatın sözlərinə görə, münasibətlər təhsil, elm və humanitar sahələrdə də dərinləşməkdədir:
"Bu istiqamətdə STEAM məktəblərinin açılması xüsusilə diqqətəlayiqdir. Çünki müasir dövrdə dövlətlərarası münasibətlərin davamlılığını təmin edən əsas amillərdən biri gənclərin, elm və təhsil müəssisələrinin qarşılıqlı əlaqəsidir.
Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələndirilməsi, Orta Dəhliz, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində qurur. Xüsusilə, "C5-dən C6-ya keçid" Azərbaycanın regional rolunun yeni mərhələsini göstərir".