Azərbaycan və Özbəkistan notariat sisteminin rəqəmsallaşdırılmasını müzakirə edib
- 07 noyabr, 2025
- 20:11
Azərbaycan və Özbəkistan arasında notariat sisteminin rəqəmsallaşdırılması müzakirə edilib.
"Report" "Uz Daily"ə istinadən xəbər verir ki, Azərbaycan və Özbəkistanın Ədliyyə nazirlikləri arasında notariat sisteminin inkişafı sahəsində təcrübə mübadiləsinə həsr olunmuş onlayn görüş keçirilib.
Görüş zamanı tərəflər nazirliklər arasında əməkdaşlığın gücləndirilməsi, notariat xidmətlərinin rəqəmsallaşdırılması, sənədləşdirmənin elektron formatda aparılması, prosedurların sadələşdirilməsi mexanizmləri və qabaqcıl təcrübənin tətbiqi məsələlərini müzakirə ediblər.
Görüşün sonunda bu sahənin inkişafına və müvafiq mütəxəssislərlə qarşılıqlı əlaqələrin genişləndirilməsinə yönəlmiş yeni təşəbbüslər müəyyən edilib.
Bu cür tədbirlər notariusların işinin səmərəliliyinin artırılmasına və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.