Azərbaycan və İndoneziya sosial sahədə təcrübə mübadiləsini müzakirə edib
- 12 noyabr, 2025
- 18:10
Azərbaycan və İndoneziya sosial təminat sistemlərinin təkmilləşdirilməsi, inkişafı, ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi perspektivlərinə dair müzakirələr aparılıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin İndoneziya Səhiyyə üzrə Sosial Təminat Agentliyinin prezidenti Ali Ghufron Muktinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı məlumat verilib.
Belə ki, görüşdə Z.Mirzəyev Fondun fəaliyyəti, sosial sığorta və sosial təminat sahəsində son illər Azərbaycanda aparılan islahatlar barədə məlumat verib. DSMF sədri eyni zamanda elektron infrastruktur üzərindən əhaliyə göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıda duran prioritet hədəfləri diqqətə çatdırıb.
Ali Ghufron Mukti isə ölkəsinin sosial təminatı sistemi, əhaliyə göstərilən sosial xidmətlər və həyata keçirilən tədbirlərdən danışıb.
Həmçinin pensiya sistemlərinin müasir əmək tələblərinə uyğunlaşdırılması strategiyaları, bu sahədə innovativ yanaşmaların tətbiqi və vətəndaş rifahının artırılması sahəsində həyata keçirilən islahatlardan bəhs olunub.
Sosial təminatın cəmiyyətdəki rolu, həyata keçirilən islahatların ən uğurlu nümunələri, hər kəs üçün əlçatan sosial təminat sistemlərinin inkişafında tətbiq olunan innovativ həllər barədə danışıqlar aparılıb.