Azərbaycan jurnalistləri Özbəkistanın IT sənayesi ilə tanış olublar
- 19 avqust, 2026
- 13:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan jurnalistləri Özbəkistanın "IT Park"ını ziyarət ediblər.
"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, səfər Özbəkistan üzrə mediatur çərçivəsində baş tutub.
Jurnalistlər ölkənin IT sənayesinin inkişafı, rezident şirkətlərin fəaliyyəti və həyata keçirilən rəqəmsal layihələrlə tanış olublar.
Səfər zamanı Azərbaycan mediasının nümayəndələrinə "IT Park"ın inkişafının əsas göstəriciləri təqdim edilib: hazırda 3 800-dən çox şirkət, o cümlədən xarici kapitallı 1 mindən çox şirkət onun rezidentidir. İxracatçıların sayı 1 mini ötür, rezident şirkətlərin işçilərinin sayı 56 mindən çoxdur, ekosistemə həmçinin 1 600-dən çox startap daxildir.
Qeyd olunub ki, 2017-ci ildən etibarən "IT Park" rezidentlərinin sayı təxminən 25 dəfə - 147-dən 3 800-dən çox şirkətə yüksəlib. Rezidentlərin ixrac həcmi isə 2025-ci ildə 2017-ci ildəki 22 milyon dollarla müqayisədə 2,8 milyard dollara çatıb.
"IT Park" məhsullarının əsas ixrac istiqamətləri ABŞ, MDB və APEC ölkələri, Avropa İttifaqı və Böyük Britaniya, eləcə də Yaxın Şərq və Şimali Afrika dövlətləridir. "IT Park"ın Özbəkistanda 14 filialı və xaricdə 6 nümayəndəliyi var.
Ayrıca bir təqdimat Özbəkistanda rəqəmsal həllərin ən böyük inteqratoru olan "Uzinfocom"un fəaliyyətinə həsr edilib. Jurnalistlərə şirkətin bir sıra layihələri, o cümlədən "MyID" rəqəmsal identifikasiya ekosistemi, süni intellektə əsaslanan "Muxlisa AI", "Agroplatforma.uz", "Rəqəmsal geologiya" platforması, "HRM.gov.uz" dövlət insan resurslarının idarə edilməsi sistemi, DMED tibbi informasiya sistemi və "uGaz" platforması təqdim olunub.
"Uzinfocom" nümayəndələri bu həllərin dövlət idarəçiliyi və səhiyyədən tutmuş kənd təsərrüfatı, geologiya və əhali üçün rəqəmsal xidmətlərə qədər müxtəlif sahələrdə tətbiqindən danışıblar.
Səfər çərçivəsində mediatur iştirakçılarına həmçinin ixracyönümlü IT sənayesinin inkişafı, xarici şirkətlərin və investisiyaların cəlb edilməsi, startapların dəstəklənməsi və yüksək texnologiyalar sahəsində yeni iş yerlərinin yaradılması üzrə "IT Park"ın imkanları nümayiş etdirilib.