Azərbaycan BMT-yə uşaq hüquqlarının müdafiəsinə dair milli tədbirlər barədə məlumat təqdim edib

Xarici siyasət
  • 13 oktyabr, 2025
  • 23:08
Azərbaycan BMT-yə uşaq hüquqlarının müdafiəsinə dair milli tədbirlər barədə məlumat təqdim edib

1990-cı illərin əvvəllərində 71-i uşaq olmaqla, itkin düşmüş təxminən 4 000 azərbaycanlının taleyi və harada olmaları postmünaqişə dövründə aktual humanitar problem olaraq qalır.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 80-ci sessiyasının Üçüncü Komitəsinin 67-ci gündəliyindəki "Uşaqların Hüquqları" üzrə müzakirələrdə çıxışı zamanı deyib.

Diplomat çıxışında Azərbaycanda uşaqların müdafiəsi və inkişafı sahəsində həyata keçirilən milli tədbirlər barədə üzv dövlətlərin nümayəndələrinə məlumat verib.

O, Prezident tərəfindən təsdiqlənmiş "2020–2030-cu illər üçün Uşaqlar üzrə Milli Strategiya" sənədinin əsas istiqamətlərini qeyd edərək, bu strategiyanın uşaqların hüquqlarının qorunması və qarşıda duran problemlərin həlli üçün mühüm yol xəritəsi olduğunu vurğulayıb:

"Uşaqlar əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmiz uşaqların müdafiəsi çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirib. Uşaqların hüquqları ilə bağlı demək olar ki, bütün beynəlxalq və regional hüquqi sənədlərə tərəf olmaq illər ərzində qanunvericilik islahatlarına yol açıb. Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş "2020–2030-cu illər üçün Uşaqların maraqlarına dair Milli Strategiya" adlı proqram sənədi əsas məsələləri müəyyən edir, uşaqların müdafiəsi və inkişafı ilə bağlı problemlərin həlli istiqamətində strategiyaları əks etdirir. Azərbaycan valideyn qayğısından məhrum olan, sağlamlıq imkanları məhdud və məcburi köçkün ailələri də daxil olmaqla, həssas qruplara mənsub uşaqların sosial müdafiəsinə xüsusi önəm verir".

Birinci katib qeyd edib ki, Azərbaycan həmçinin post-münaqişə dövründə uşaqların müdafiəsini və inkişafını prioritet istiqamət kimi müəyyən edib. Qeyd olunub ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərindən sonra 2025-ci ilin sentyabr ayında təxminən 3 500 keçmiş məcburi köçkün şagird həmin bölgələrdə təhsillərini bərpa ediblər.

O, əlavə edib ki, genişmiqyaslı mina çirklənməsi öz doğma yurd-yuvalarına qayıdan məcburi köçkün əhali, o cümlədən uşaqlar üçün ciddi maneələr yaratmaqdadır:

"1990-cı illərdən bəri qəsdən basdırılmış minalar 3 400-dən çox şəxsin, o cümlədən 362 uşaq və gəncin həyatına son qoyub və ya onları ağır yaralayıb. Bu məsələlər BMT-nin uşaq hüquqları üzrə mexanizmlərinin diqqətini və onların bu problemlərin həllinə effektiv şəkildə cəlb olunmasını tələb edir".

Son xəbərlər

Bütün Xəbər Lenti