Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə - ŞƏRH

Xarici siyasət
  • 04 may, 2023
  • 18:00
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə - ŞƏRH

Bu günlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında Siyasi və Təhlükəsizlik Komitəsinin çərçivəsində ilk dəfə iclasın keçirilməsi ölkəmizin qurumla münasibətlərində yeni səhifənin açıldığının şahidi oluruq.

Brüsseldə Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmsədrliyi ilə keçirilən IV Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun iclasında regional sülh gündəliyi müzakirə olunub.

Belə ki, İttifaqa üzv dövlətlərin səfirlərinin təmsil olunduğu iclasda regionda vəziyyət və Laçın sərhəd keçid məntəqəsinin qurulması və regional sülh gündəliyi haqqında ətraflı məlumat verilib.

Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, regional təhlükəsizlik ilə bağlı məsələlər, regionda sülhün, sabitliyin qorunmasında Aİ-nin rolu müzakirə olunub, habelə xarici siyasət, təhlükəsizlik və mümkün gələcək əməkdaşlıq, o cümlədən kibertəhlükəsizlik və hibridtəhlükəsizliyinə qarşı mübarizə, ekstremizm və terrorizmlə mübarizə, kosmik fəaliyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında konstruktiv müzakirələr aparılıb.

Avropanın siyasi paytaxtındakı bu müzakirələr regionda yeni reallığın formalaşdığının və artıq hamının bunu qəbul etdiyinin göstəricisidir.

Bu həftə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə, həmçinin NATO Baş katibinin köməkçisi general David Katlerlə ikitərəfli əməkdaşlıq məsələləri, təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə müzakirələrin aparması ilə bərabər Avropa İttifaqı səfirləri ilə də bu formatda keçirilən görüşlər erməni təbliğatının iflasını bir daha sübut etmiş oldu.

Azərbaycan regionda etibarlı və önəmli tərəfdaş kimi qəbul olunur. Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moranın da görüşlə bağlı bəyanatı yuxarıda sadalanan məsələləri təsdiq etmiş oldu:

“Aİ Azərbaycanla xarici və təhlükəsizlik siyasəti məsələlərində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranmış hazırkı çətin beynəlxalq şəraitdə sülh, təhlükəsizlik və sabitlik naminə işləməyə hazır olduğunu təsdiqləyib. Aİ sabit və dinc Cənubi Qafqazın dəstəklənməsinə töhfə vermək məqsədini rəhbər tutur. Aİ-nin əsas marağı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verməkdir. Aİ Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yardımı ilə üçtərəfli Brüssel formatı da daxil olmaqla, sülh prosesini dəstəkləməyə hazırdır”, - deyə E.Mora vurğulayıb.

Görüşün sonunda Aİ və Azərbaycan nümayəndələrinin hər iki tərəf və bütün region üçün aktual olan məsələlər üzrə mütəmadi fikir mübadiləsini davam etdirmək barədə razılığa gəlməsi isə başlamış dialoqun daha dərin və dönməz xarakter aldığını isbatlamış oldu.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkla görüşü də səmərəli keçib. Avropalı qadın diplomat tviterdə bu barədə yazıb.

“Bu formatdakı ilk görüşlərində Azərbaycan və Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsi səfirləri Aİ-Azərbaycan əməkdaşlığı, Ermənistan-Azərbaycan normallaşma prosesi və regional təhlükəsizlik məsələləri üzrə səmərəli müzakirələr aparıblar”.

Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.