Samir Şərifov: Azərbaycan və Aİ arasında son vaxtlar müsbət dinamika müşahidə olunur

Xarici siyasət
  • 17 noyabr, 2026
  • 17:55
Samir Şərifov: Azərbaycan və Aİ arasında son vaxtlar müsbət dinamika müşahidə olunur

Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə Brüssel şəhərində Regionlararası təhlükəsizlik və bağlantılar mövzusuna həsr olunmuş ikinci nazirlər toplantısı keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Toplantıda Aİ təsisatlarının yüksək vəzifəli rəsmiləri, Avropa İttifaqına üzv ölkələrin, Azərbaycan, Türkiyə, Ukrayna, Moldova, Ermənistan və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri və digər yüksək vəzifəli rəsmi şəxsləri iştirak edib.

İki sessiyadan ibarət nazirlər toplantısının birinci sessiyasında Qara dəniz hövzəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, ikinci sessiyası çərçivəsində isə Regionlararası Bağlantılar Gündəliyinin həyata keçirilməsi ətrafında müzakirələr aparılıb.

Hər iki sessiyada çıxışında nazir müavini S.Şərifov Azərbaycan və Avropa İttifaqı arasında son vaxtlar müşahidə olunan müsbət dinamikanın əhəmiyyətini qeyd edib. Avropa və Mərkəzi Asiya arasında enerji, nəqliyyat və rəqəmsal bağlantılar baxımından müstəsna rola malik Azərbaycanın təşəbbüsü ilə indiyə qədər həyata keçirilmiş infrastruktur layihələrinin Orta Dəhlizin formalaşdırılmasına əhəmiyyətli töhfə verdiyi vurğulanıb, bu sahələrdə konkret layihələrin həyata keçirilməsində regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirmək əzmində olduğumuz diqqətə çatdırılıb.

Azərbaycanın öncül rolu ilə davam etdirilən sülh və normallaşma prosesinin regionda sülh, sabitlik və əməkdaşlıq üçün geniş imkanlar yaratdığı, geniş Qara dəniz regionunda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verdiyi və regionlar arasında bağlantılar layihələrinin icrasına zəmin yaratdığı nəzərə çatdırılıb.