ATƏT rəsmisi: Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb

Xarici siyasət
  • 16 sentyabr, 2025
  • 17:19
ATƏT rəsmisi: Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk qrupunun və onunla əlaqəli təsisatların ləğvi prosesinə başlayıb.

Bu barədə "Report"un Avropa bürosuna ATƏT-də Finlandiyanın sədrliyi üzrə işçi qrupunun rəhbərinin müavini Toni Sandell məlumat verib.

"Təşkilatın Katibliyi artıq Azərbaycan və Ermənistanın müraciətinə cavab olaraq ATƏT-in Daimi Şurasının 1 sentyabr tarixli qərarının həyata keçirilməsi üçün praktiki addımlar atmağa başlayıb. Katiblik Minsk prosesinin və onunla əlaqəli təsisatların bağlanması üçün addımlar atır. Söhbət kadr məsələləri, arxiv materialları və idarəetmədən gedir. Yalnız əmlak və avadanlığın ötürülməsi kimi texniki funksiyalar prosesin tam başa çatmasına qədər həyata keçiriləcək. Bu da bu il dekabrın 1-dən gec olmayaraq edilməlidir", - T.Sandell qeyd edib.

Onun sözlərinə görə, iş bir neçə istiqaməti əhatə edir: "Buraya, xüsusilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin heyəti, yüksək səviyyəli planlaşdırma qrupu, həmçinin sənədlərin və arxivlərin idarə edilməsi daxildir".

Xatırladaq ki, Minsk qrupu 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (gələcək ATƏT) qərarı ilə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək məqsədilə yaradılmışdı. 1994-cü ildə onun formatında həmsədrlik strukturu təsis edildi və Rusiya, ABŞ və Fransa həmsədr oldular.

Təxminən 30 il ərzində məhz Minsk qrupu Ermənistan və Azərbaycan arasında danışıqların əsas beynəlxalq mexanizmi hesab edilirdi. Lakin 2020-ci ildən Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra onun fəaliyyəti faktiki olaraq faydasız oldu. Vəziyyət 2023-cü ilin sentyabrından sonra tamamilə dəyişdi, Azərbaycan öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi və münaqişəni öz gücü ilə başa çatdırdığını bəyan etdi.

Azərbaycan dəfələrlə Ermənistanı Minsk prosesinin və onunla əlaqəli təsisatların ləğvi ilə bağlı birgə müraciət göndərməyə çağırıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları Minsk prosesinin bağlanması ilə bağlı birgə müraciət imzalayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti