ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri onun tərkibi barədə danışıb
- 01 avqust, 2024
- 07:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycanda fəaliyyətə başlayan ATƏT DTİHB-in növbədənkənar parlament seçkilərini müşahidə etmək üzrə uzunmüddətli müşahidə missiyası 11 ölkəni təmsil edən 11 beynəlxalq ekspertdən ibarətdir.
"Report" xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati bildirib.
“Əsas heyətin üzvləri yaxın bir neçə həftə ərzində Bakıda seçkilərə hazırlığa nəzarət edəcəklər. Siyasi məsələlər, media və hüquq üzrə ekspertlərimiz də var. Biz, həmçinin ölkənin müxtəlif bölgələrinə də səfər edəcəyik. Regionlarda seçki prosesinə hazırlığı izləmək üçün 28 uzunmüddətli müşahidəçi avqustun 6-da ölkəyə gələcək", - missiyanın rəhbəri bildirib.
D.Buşati əlavə edib ki, prosesi izləmək üçün 280 qısamüddətli müşahidəçi də müraciət edib: “Onlar seçkilərin monitorinqinə və səslərin hesablanması prosesinə cəlb olunacaqlar”.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.