Arzu Nağıyeva: Rəqəmsal bacarıqlar insan kapitalının inkişafında əsas amil olacaq
- 30 sentyabr, 2025
- 13:08

Rəqəmsal bacarıqlar Azərbaycanda insan kapitalının inkişafında əsas amili olacaq.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin idarə rəisinin müavini Arzu Nağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Gənclərin Rəhbərliyində İqlim Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyaclarını təhlil etməyə və dövlətin maliyyələşdirdiyi yeni təhsil proqramları hazırlamağa davam edir. Hazırda bu proqramlardakı təhsil yerlərinin təxminən 90 %-i dövlət tərəfindən maliyyələşdirilir ki, bu da 2020-ci illə müqayisədə 50 % çoxdur.
"Təhsil istənilən transformasiyanın əsasını təşkil edir. Biz gənclərə müasir bacarıqları öyrətməklə və onlarda texnologiyalara qarşı etik münasibət formalaşdırmaqla rəqəmsal transformasiyanı davamlı inkişafın, ədalətin və innovasiyaların hərəkətverici qüvvəsinə çevirə bilərik", - A.Nağıyeva vurğulayıb.