Arzu Nağıyev: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq strategiya vacibdir

Xarici siyasət
  • 30 iyun, 2026
  • 11:12
Arzu Nağıyev: İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq strategiya vacibdir

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq strategiya vacibdir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı, xüsusilə də itkin ailələri 1988-ci ildən etibarən bu ağır anlayışın təsiri və iztirabı içində yaşamağa məcbur olub:

"İnsanların itkin düşməsi hallarının, buna səbəb olan təzahürlərin qarşısının alınması və itkin şəxslərin taleyinin müəyyən olunması üçün beynəlxalq təşkilatlar, xüsusilə də BMT tərəfindən düşünülmüş və məqsədyönlü strategiyanın müəyyən olunması zəruridir. Bu sahəyə beynəlxalq diqqətin ayrılması, beynəlxalq humanitar hüquq normalarına əməl edilməsinin təşviqi, müasir tələblərə uyğun yanaşmanın tətbiqi çox vacibdir".

Milli Məclisin üzvü bildirib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu artıq 33 ildir fəaliyyət göstərir:

"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 mindən artıq vətəndaşımızın itkin düşdüyünü və son illərdə onlardan yalnız 226 nəfərinin taleyinin müəyyən edildiyini nəzərə alsaq, Dövlət Komissiyasının İşçi qrupunun bundan sonra da uzun müddət ərzində fəaliyyət göstərməsi zəruridir. Son illərdə azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqların tədqiqi, şəxsiyyətlərin müəyyənləşdirilməsi üçün DNT analizlərinin aparılması və müasir kriminalistika metodlarının tətbiqi bu sahədə görülən işlərin mühüm hissəsini təşkil edir. Dövlət tərəfindən itkin düşmüş şəxslərin ailələrinə sosial və psixoloji dəstək tədbirləri də həyata keçirilir. Bütün bunlar nəzərə alınmalı və Dövlət Komissiyasının İşçi qrupunun statusuna, maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, əməkdaşların sosial təminatı və sağlamlıqlarının qorunması məsələlərinə yenidən baxılmalıdır".