Anar Bağırov: Azərbaycanın hüquq sistemi beynəlxalq standartlara uyğun olaraq inkişaf edir
- 09 oktyabr, 2026
- 10:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın hüquq sistemi müasir prinsiplərə, beynəlxalq standartlara və cəmiyyətin dəyişən ehtiyaclarına uyğun olaraq inkişaf edir.
"Report" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Bakıda keçirilən Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransının iştirakçılarına tədbirin açılış mərasimindəki videomüraciətində deyib.
O bildirib ki, Azərbaycan zəngin hüquq tarixinə və müxtəlifliyə, multikultural dəyərlərə hörmətin qədim ənənələrinə malikdir:
"Ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşib. Bakıda ölkəmizin zəngin və rəngarəng keçmişini yaxından hiss etmək mümkündür. Şəhərin hər bir guşəsində qədimliklə müasirliyin izləri bir-birinə qarışaraq ənənələrimizlə bugünkü kimliyimizi bir araya gətirir. Ümid edirəm ki, Bakıda olduğunuz müddətdə yalnız şəhərimizin gözəlliyini deyil, eyni zamanda insanlarımızın səmimiyyətini və qonaqpərvərliyini də hiss etmək imkanınız olacaq".
A.Bağırov əlavə edib ki, bu gün Azərbaycanın hüquq sistemində inkişaf süni intellekt, məlumatların qorunması və rəqəmsal hüquqlar kimi yeni sahələri də əhatə edir. Onunh sözlərinə görə, süni intellekt artıq həyatın bütün sahələrində getdikcə daha mühüm rol oynayır:
"Süni intellekt işləmək, ünsiyyət qurmaq və qərarlar qəbul etmək üsullarımızı dəyişdirir. Onun təsiri artdıqca, bu prosesləri hüquqi müstəvidə müzakirə etmək, eləcə də süni intellektin yaratdığı imkan və çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək xüsusi əhəmiyyət kəsb edir".
VK sədri bildirib ki, Avropa Gənc Vəkillər Assosiasiyasının konfransına ev sahibliyi etmək ictimaiyyətlər arasında əlaqələri daha da gücləndirmək üçün fürsətdir:
"Azərbaycanda gənclər arasında vəkillik peşəsinə maraq getdikcə artır. Gənc vəkillər peşənin müasirləşdirilməsinə və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verirlər. Onların peşəkar inkişafı və vəkillik fəaliyyətində fəal iştirakı daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Vəkillər Kollegiyasına qəbul olunan vəkillərin böyük əksəriyyətini gənc vəkillər təşkil edir. Bununla yanaşı, Vəkillər Kollegiyasının nəzdində Gənc Vəkillər Komitəsi fəaliyyət göstərir. Komitə gənc vəkillərin peşəkar inkişafının dəstəklənməsi, onların fəal iştirakının təşviq edilməsi və vəkillik peşəsinin gələcəyinə töhfələrinin artırılması üçün xüsusi platforma rolunu oynayır".
A.Bağırov Azərbaycan VK-nın beynəlxalq əməkdaşlığa və müxtəlif ölkələrin vəkilləri arasında əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edib.