Amerikalı senator: TRIPP layihəsi yeni bir ticarət yolu yaradacaq

Xarici siyasət
  • 23 oktyabr, 2025
  • 23:26
Amerikalı senator: TRIPP layihəsi yeni bir ticarət yolu yaradacaq

TRIPP layihəsi (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) Azərbaycanı Naxçıvanla birləşdirəcək, eyni zamanda, yeni bir ticarət yolu yaradacaq.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns Vaşinqtonda "ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və digər regional dövlətlər bundan faydalanacaq.

Senator qeyd edib ki, Ata Corc Buşdan indiyədək Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər bir Prezidenti Ermənistanla Azərbaycan arasında münaqişənin həllini tapmaq üçün sülh təşəbbüslərini irəli sürdü, lakin hamısı uğursuz oldu.

"Bu Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi bir vaxtda baş verdi. Həm Ermənistan, həm də Azərbaycan ABŞ-la unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəyə doğru üz tutdu. Deməliyəm ki, Stiv Uitkofun komandası dərhal bu müqavilənin ən çətin məsələlərini həll etməyə başladı", - Dayns əlavə edib.

O həmçinin vurğulayıb ki, bu il avqustun 8-də əldə olunan razılaşmanın açdığı iqtisadi potensial çox əhəmiyyətlidir:

"Azərbaycan - Ermənistan sülh sazişi diplomatik irəliləyişdir, həqiqətən, qarşılıqlı faydalı sülhməramlılıq nümunəsidir. Ermənistan, Azərbaycan və ABŞ daha firavan, vacib və təhlükəsiz gələcəyə doğru addımlayır və çalışır. Bakı dünyanın ən mühüm qaz və neft ixracatçılarından biridir".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət Birgə Bəyannamə imzalayıblar. Sənədin bəndlərindən biri regional kommunikasiyaların açılması çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") işə salınması ilə bağlıdır.

Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti