Aloo-Obudho: WUF13 Azərbaycanın dialoq platforması kimi rolunu ön plana çıxarır

Xarici siyasət
  • 14 may, 2026
  • 15:53
Aloo-Obudho: WUF13 Azərbaycanın dialoq platforması kimi rolunu ön plana çıxarır

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın davamlı şəhər inkişafı məsələlərində inklüziv qlobal dialoq üçün beynəlxalq məkan kimi artan rolunu vurğulayır.

"Report" xəbər verir ki, bunu Keniyanın Maasay Mara Universitetinin prorektoru Penina Aloo-Obudho Qlobal Cənub QHT Platformasının Baş Assambleyasında bəyan edib.

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik və COP29 çərçivəsində çoxtərəfliliyin təşviqində liderliyi indiki görüş kimi təşəbbüslər üçün möhkəm zəmin yaradıb", - o deyib.

Aloo-Obudho qeyd edib ki, WUF13 yerli təşəbbüsləri qlobal qərar qəbulеtmə prosesi ilə birləşdirmək, inklüziv şəhər idarəçiliyində QHT-lərin rolunu gücləndirmək üçün imkan yaradır.

"Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Qlobal Cənub QHT-ləri ayrıca pavilyonla birgə iştirak məqsədilə birləşiblər", - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan platformanın yerli təşəbbüslərlə qlobal mexanizmlər arasında körpü kimi sonradan institusionallaşmasına və uzunmüddətli inkişafına dəstək vermək üçün əlverişli mövqedədir.

Aloo-Obudho həmçinin Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti təşkilatları arasında bir neçə strateji əməkdaşlıq istiqaməti, o cümlədən şəhər inkişafı və iqlim dəyişikliyi ilə mübarizə sahəsində yerli innovasiyaların yayılması üçün ümumi bilik platformasının yaradılması, həmçinin əlçatan yaşayış yerlərinin maliyyələşdirilməsi ilə bağlı birgə mövqeyin formalaşdırılmasını təklif edib.

44 - Tezliklə