Xankəndidə sosial idarəetmədə rəqəmsal transformasiya mövzusunda beynəlxalq forum keçirilir

İKT
  • 23 oktyabr, 2026
  • 10:21
Xankəndidə sosial idarəetmədə rəqəmsal transformasiya mövzusunda beynəlxalq forum keçirilir

Xankəndi şəhərində "SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" adlı beynəlxalq forum başlayıb.

"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Forumda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, DOST Agentliyi İdarə Heyətinin sədri Fərid Məmmədov, Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, həmçinin müxtəlif ölkələrdən rəsmi şəxslər, beynəlxalq ekspertlər və texnologiya şirkətlərinin təmsilçiləri iştirak edirlər.

Tədbirdə sosial idarəetmədə rəqəmsal transformasiya, süni intellekt əsaslı qərarvermə və vətəndaşyönümlü xidmət modelləri müzakirə ediləcək, TEDx formatında debatlar, tematik işçi qruplarının müzakirələri, paralel sessiyalar və tərəfdaş təşkilatların təqdimatları olacaq.

Forumun əsas məqsədi sosial xidmətlərdə süni intellekt və rəqəmsal analitikanın tətbiqi imkanlarını müzakirə etmək, dövlət-vətəndaş münasibətlərində əlçatanlığın, çevikliyin və şəffaflığın artırılması üçün innovativ həlləri müəyyənləşdirmək və beynəlxalq təcrübə mübadiləsini genişləndirməkdir.