Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv
- 28 oktyabr, 2026
- 17:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Acarıstan və Bakıdan olan gənc ifaçı və musiqiçiləri bir araya gətirəcək birgə orkestr ola bilər.
Bunu Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Report"a müsahibəsində Acarıstan Muxtar Respublikasının (Gürcüstan) mədəniyyət naziri, UNESCO-nun Sülh artisti və beynəlxalq səviyyəli pianoçu Eliso Bolkvadze bildirib.
"Acarıstan və Azərbaycandan olan gənc artist və musiqiçilərin iştirakı ilə birgə gənclər orkestrinin yaradılması maraqlı layihə ola bilərdi. Belə bir layihə çox faydalı olardı, çünki regionlarımızdan olan gənc musiqiçilərin birlikdə çıxış etməsinə imkan verərdi", - o bildirib.
Bolkvadze əlavə edib ki, Acarıstan Mədəniyyət Nazirliyi artıq yeni gənclər orkestrinin yaradılması üzərində işləyir ki, bu da Azərbaycanla əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Onun sözlərinə görə, tərəflər həmçinin teatr və musiqi, eləcə də mədəni irsin qorunması və populyarlaşdırılması sahəsində qarşılıqlı əlaqələri aktivləşdirmək niyyətindədirlər.
"Azərbaycan və Gürcüstan uzun illərdir sıx münasibətlərə malik olan dost ölkə və strateji tərəfdaşlardır. Ölkələrimiz arasında mədəni əlaqələr həmişə mövcud olub. Azərbaycanlı və gürcü rəssamlar, müğənnilər və yaradıcı kollektivlər müntəzəm olaraq Bakıda çıxış ediblər. Mən özüm də dəfələrlə Azərbaycanda, o cümlədən Qəbələdəki festivalda çıxış etmişəm", - nazir qeyd edib.
Onun sözlərinə görə, gələcək əməkdaşlığın istiqamətlərindən biri teatr kollektivləri arasında mübadilələr ola bilər.
"Azərbaycan teatrları Acarıstana, bizim teatrlarımız isə Azərbaycana gələ bilərdi", - Bolkvadze deyib.
O, həmçinin iyunun sonunadək xalçaçılıq sənətinə həsr olunmuş tədbirin keçirilməsi planları barədə məlumat verib. Nazir Bakıdakı muzeylərdən birinə baş çəkərkən Azərbaycanın zəngin xalçaçılıq irsi ilə yaxından tanış olub.
"Gürcüstanda Azərbaycan xalçaçılığının tarixini və texnikasını təqdim etmək, həmçinin öz adət-ənənələrimiz haqqında danışmaq çox maraqlı olardı. Əminəm ki, bir-birimizlə bölüşəcəyimiz çox şey var", - o vurğulayıb.
Xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsində incəsənətin rolundan danışan Bolkvadze qeyd edib ki, musiqi və mədəniyyət dil və mədəni maneələri dəf etməyə qadirdir.
"Mədəni diplomatiya xüsusən də bir çox münaqişələrin mövcud olduğu müasir dünyada böyük əhəmiyyət kəsb edir. Məhz musiqi və incəsənət insanları dilindən və mədəni fərqlərindən asılı olmayaraq birləşdirməyə kömək edir", - nazir bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətin insanları necə birləşdirə biləcəyini əyani şəkildə nümayiş etdirir.
Gülnar Mahmudova, Nihat Pir