ABŞ-dən olan turist: Şuşa mənə İsveçrəni xatırladır
- 08 oktyabr, 2026
- 15:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Şuşa mənə İsveçrəni xatırladır.
"Report" xəbər verir ki, bunu Azərbaycana səfər edən ABŞ-dən olan turist Enci Kavni (Angi Caveney) deyib.
"Səfərimiz çox xoşuma gəlir. Biz artıq beşinci gündür ki, Azərbaycandayıq. Bir günü Bakıda keçirdik, bu gün isə palçıq vulkanlarını ziyarət etdik. Həmçinin petroqlifləri gördük - bu, çox maraqlı idi", - o bildirib.
Turist qeyd edib ki, Şuşa şəhərinə səfər onun özü və həyat yoldaşı üçün səyahətin xüsusilə yaddaqalan hissəsi olub.
"Bu, həqiqətən unikal təcrübədir. Belə bir fürsət hər kəsə nəsib olmur. Ümid edirəm ki, bizim səfərimizdən sonra daha çox insan bu təhlükəsiz və gözəl yer haqqında öyrənəcək və buranı ziyarət etmək istəyəcək", - o əlavə edib.
Kavni vurğulayıb ki, Şuşa şəhərinin memarlığı və yeni binalar onu xüsusilə heyran edib.
"Yeni binalar sadəcə möhtəşəmdir, memarlıq isə heyrətamizdir. Şuşa mənə bir qədər İsveçrəni xatırladır. Bura gözəl yerdir və ümid edirəm ki, buraya daha çox turist cəlb etməyə nail olacaqsınız", - amerikalı turist bildirib.