Avstraliyada aşağı siniflərdə planşetlər qadağan ediləcək
- 24 noyabr, 2026
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Avstraliya ştatının hakimiyyət orqanları dövlət məktəblərinin aşağı siniflərində planşet və noutbukların istifadəsini qadağan etmək, həmçinin daha böyük şagirdlər üçün həftəlik ekransız gün tətbiq etmək qərarına gəliblər.
"Report" xəbər verir ki, bu barədə "ABC" teleradio korporasiyası məlumat yayıb.
Məhdudiyyətlər 2027-ci ildə qüvvəyə minəcək və hazırlıq sinfindən ikinci sinfədək olan şagirdlərə şamil ediləcək. Üçüncü sinifdən altıncı sinfədək olan məktəblilər üçün yarım il ərzində həftədə bir ekransız günlə bağlı eksperiment keçiriləcək. O, ştatın 10 məktəbində baş tutacaq. Əlilliyi və xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün istisnalar nəzərdə tutulub.
Hakimiyyət orqanları yeniliklərin məqsədlərindən biri kimi əl yazısı bacarıqlarının yaxşılaşdırılmasını göstərib. Üçüncü və dördüncü sinif şagirdləri üçün əl yazısı təlimi üzrə ayrıca proqram tətbiq ediləcək.
Bundan əlavə, məktəblər şagirdlərin dərslərə öz cihazlarını gətirməsi təcrübəsindən tədricən imtina edəcək. Onların əvəzinə məktəblər tərəfindən təqdim edilən və ştatın Təhsil Nazirliyinin təhlükəsizlik sisteminə qoşulmuş texnikadan istifadə ediləcək.