ABŞ-də Azərbaycan dilini öyrənən şagirdlərə sertifikatlar təqdim edilib

Xarici siyasət
  • 12 oktyabr, 2025
  • 08:03
ABŞ-də Azərbaycan dilini öyrənən şagirdlərə sertifikatlar təqdim edilib

ABŞ-nin Virciniya ştatında fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdləri sertifikatlarla təltif olunublar.

"Report"un ABŞ bürosu xəbər verir ki, tədris ilinin birinci mövsümünü uğurla başa vuran şagirdlərə sertifikatları Virciniya ştatının Aleqzandriya şəhərində fəaliyyət göstərən Azərbaycan Evi və Məktəbinin təsisçisi Sevda Tahirli və "Azərbaycan Evi"nin koordinatoru Nigar İbrahimova təqdim ediblər.

Çıxışlarda qeyd olunub ki, ABŞ-də yaşayan azərbaycanlı ailələr övladlarının doğma dilini öyrənməsi üçün əzmlə çalışırlar. Onlara uzaq Amerikada bu dəstəyi göstərən Azərbaycan Evinin fəaliyyəti isə danılmazdır. Bu nailiyyət təkcə dil bacarıqlarının deyil, həm də Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına və kimliyinə olan bağlılığın göstəricisidir.

Qeyd edilib ki, Azərbaycan Evinin peşəkar komandası birinci mövsümü uğurla başa vurub. Bu ilin sentyabr ayından etibarən isə ikinci mövsümə start verilib. Yeni mövsümdə dünyanın müxtəlif ölkələrindən olan tələbələrlə dörd aktiv qrup fəaliyyət göstərir.

Təqaüd proqramında əsas meyarlar motivasiya və fəal iştiraktır. Məktəbdə tədris prosesində iştirak edən müəllimlərin seçimi də xüsusi müsahibələr vasitəsilə həyata keçirilir.

Şagirdlərin tədris ili ərzindəki inkişafı və dil bacarıqları qiymətləndirilir, onların ABŞ-da Azərbaycan dilinin qorunub saxlanılmasına verdikləri töhfə yüksək qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycan dili məktəbi bu ilin mart ayında fəaliyyətə başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti