Dünya Bankı: "Azərbaycanda turizmin böyük investisiya imkanları mövcuddur" - EKSKLÜZİV

Turizm
  • 09 iyul, 2026
  • 12:30
Dünya Bankı: Azərbaycanda turizmin böyük investisiya imkanları mövcuddur - EKSKLÜZİV

Azərbaycanın turizm potensialının tam reallaşdırılması üçün böyük investisiya imkanları var.

Bunu "Report"a açıqlamasında Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolanda Prays deyib.

Onun sözlərinə görə, turizm potensialının tam reallaşdırılması üçün tələb olunan investisiyanın həcmini konkret rəqəmlə ifadə etmək mümkün deyil: "Bununla belə, Azərbaycanda böyük investisiya imkanları mövcuddur. Hökumət artıq bu istiqamətdə mühüm işlər görür və ölkəyə bir sıra beynəlxalq lüks hotel brendləri cəlb edilib. Turizm məhsullarının şaxələndirilməsi yeni investisiyaların cəlb edilməsinə, məşğulluğun artmasına və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcək".

R. Prays bildirib ki, Azərbaycanda turizm investisiyalarının yalnız Bakı ilə məhdudlaşmaması vacibdir: "Ölkənin turizm potensialı təbiət, qış turizmi, yürüş marşrutları və mədəni irs kimi müxtəlif istiqamətləri əhatə edir. Regionlarda kiçik hotellərin, ailə tipli qonaq evlərinin, restoranların, bələdçi xidmətlərinin və digər turizm infrastrukturunun inkişafı yeni investisiyalar üçün geniş imkanlar yarada bilər. Turistlərin rahat və təhlükəsiz səyahəti üçün zəruri xidmətlər formalaşdırıldıqca investisiya marağı da artacaq".