Bratislavadan Bakıya ilk aviareys yola düşüb

Turizm
  • 28 oktyabr, 2026
  • 19:42
Bratislavadan Bakıya ilk aviareys yola düşüb

Slovakiyanın paytaxtı Bratislava ilə Bakı arasında"Wizz Air" aviaşirkətinin ilk birbaşa reysi həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Wizz Air"in Bratislava-Bakı birbaşa hava marşrutunun açılış tədbirində iştirak etməyimdən böyük məmnunluq duyuram", – diplomat qeyd edib.

Səfir birbaşa hava əlaqəsinin fəaliyyətə başlamasını Azərbaycan ilə Slovakiya arasındakı əlaqələrdə əlamətdar addım və iki dövlətin strateji tərəfdaşlığının mühüm nailiyyəti kimi dəyərləndirib.

Onun fikrincə, yeni marşrut iş, turizm və insanlararası əlaqələr baxımından geniş imkanlar yaradacaq.

"Report"un məlumatına əsasən, Bratislavadan yola çıxan təyyarə Bakıya saat 21:20-də eniş edəcək. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.