Azərbaycanlı jurnalistlər Qırğızıstanın mənəvi mərkəzini ziyarət ediblər
- 24 iyul, 2026
- 14:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstana təşkil edilən mediaturun üçüncü günündə azərbaycanlı jurnalistlər İssık-Kul gölünün sahilində yerləşən Çingiz Aytmatov adına "Rux-Ordo" mədəni-mənəvi mərkəzini ziyarət ediblər.
"Report"un Çolpon-Ataya ezam olunmuş əməkdaşı xəbər verir ki, ekskursiya zamanı jurnalistlər kompleksin yaranma tarixi, onun memarlığı və görkəmli qırğız yazıçısı Çingiz Aytmatova, həmçinin qırğız xalqının mənəvi və mədəni irsinə həsr olunmuş ekspozisiyalarla tanış olublar.
Qonaqlara sülh, qarşılıqlı anlaşma və konfessiyalararası dialoqun rəmzi kimi müxtəlif dinlərin və mədəniyyətlərin elementlərini özündə birləşdirən mərkəzin konsepsiyası barədə məlumat verilib.
Qeyd edilib ki, "Rux-Ordo" 4,5 hektar sahəsi olan açıq səma altındakı unikal muzey kompleksidir. Əsası 2002-ci ildə tanınmış ictimai xadim və mesenat Taşkul Kereksizov tərəfindən qoyulmuş bu məkan bu gün Qırğızıstanın ən çox ziyarət edilən mədəni məkanlarından biridir.
Kompleksin əsas xüsusiyyəti islamı, pravoslavlığı, katolisizmi, buddizmi və iudaizmi simvolizə edən beş bəyaz ibadətgahdır. Onların eyni memarlıq görünüşü dini etiqadından asılı olmayaraq bəşəriyyətin mənəvi bərabərliyi, qarşılıqlı hörmət və birliyi ideyasını əks etdirir.
"Rux-Ordo"nun ərazisində 10 mini-muzey və sərgi obyekti, o cümlədən Çingiz Aytmatovun Ev-Muzeyi, Qırğız İncəsənəti və Mədəniyyəti Zalı, rəsm və foto qalereyaları, böyük manasçı Sayakbay Karalayevin köşkü, "Biliklər xəzinəsi", etnoqrafik ekspozisiyalar, görkəmli şəxsiyyətlərin abidələri və s. yerləşir.
Bundan sonra mediatur iştirakçıları İssık-Kul vilayətinin turizm potensialı ilə tanışlığı davam etdiriblər.
Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov jurnalistlərlə söhbətində qeyd edib ki, bu cür mediaturlar dost dövlətlər arasında humanitar əlaqələrin möhkəmlənməsinə və informasiya sahəsində əməkdaşlığın inkişafına təkan verir.
"Daha əvvəl Qazaxıstan, Özbəkistan və Tacikistanın aparıcı nəşrlərinin nümayəndələri üçün də oxşar tanışlıq səfərləri təşkil edilmişdi. Media ictimai rəyin formalaşmasında və iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır", - o bildirib.
Qeyd edək ki, azərbaycanlı jurnalistlərin səfəri Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə dövlət başçısının mətbuat katibi Askat Alaqozov tərəfindən informasiya və humanitar sahələrdə Qırğızıstan-Azərbaycan əməkdaşlığının daha da dərinləşdirilməsi çərçivəsində təşkil edilib.