Azərbaycanın turizm sektorunda investisiya təşviq sənədinin verilməsi ilə bağlı təkliflər hazırlanıb
- 27 fevral, 2026
- 17:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Turizm Agentliyi bu sektorda fəaliyyət göstərən sahibkarlara investisiya təşviq sənədinin verilməsi ilə bağlı təkliflər hazırlayıb.
"Report" xəbər verir ki, bunu Agentliyin sədr müavini Azadə Hüseynova Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə bildirib.
"Bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyinin vaxtında Quba-Qusar və Xızı-Xaçmaz rekreasiya zonaları kimi təsdiq edilib. Amma hazırda həmin ərazilər üzrə investisiya təşviqi sənədinin tətbiq edilməsi müddəti başa çatıb, odur ki, Agentlik bu istiqamətdə iş aparır", - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, Kəlbəcər rayonunda iki rekreasiya zonasının (Tutqunçay və Zülfüqarlı) yaradılması ilə bağlı sənədlər Prezident Administrasiyasına təqdim olunub: "Bu istiqamətdə bütün prosedurlar tamamlanıb. Hazırda Laçın rayonunda və işğaldan azad edilmiş digər ərazilərdə də rekreasiya zonaları ilə bağlı qiymətləndirmələr aparılır".
Sədr müavini həmçinin deyib ki, Xocavənd rayonunun Tuğ kəndində turizm komplekslərinin yaradılması ilə bağlı işlər görülür: "Prezidentin sərəncamı ilə Tuğda qoruq yaradılıb. Hazırda orada turizm infrastrukturunun yaradılması, eyni zamanda üzümçülüyün inkişafı ilə bağlı işlər görülür. Şərab turizminin və qastro-turizmin inkişafı ilə bağlı layihələr hazırlanır. Orada kulinariya mərkəzinin yaradılması nəzərdə tutulur. Məqsədimiz Qarabağın zəngin mətbəxini dünyaya tanıtmaqdır".
Həmçinin, onun sözlərinə görə, Azərbaycanda sağlamlıq turizmində sertifikatlaşma işlərinin ilkin mərhələdə aparılması üçün konsepsiya sənədləri hazırlanır: "Bununla bağlı işçi qrupumuz var, çox aktiv fəaliyyət göstərir. Sanatoriyaların, eləcə də müalicə müəssisələrinin sertifikatlaşması ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət olunub. Bu il beynəlxalq təşkilatların - Ümumdünya Səhiyyə Təşkilatının və Ümumdünya Turizm Təşkilatının iştirakı ilə böyük beynəlxalq konfrans keçirməyi düşünürük. Regionların inkişafını hədəf almaq üçün konfransın ilk bir neçə gününü sağlamlıq imkanları geniş olan regionlarımıza salmağı düşünürük. Qastro-turizmlə bağlı da biz bir neçə istiqamətlərdə işlər görürük. Xüsusilə də qastronomiyanın ölkəmizdə ali təhsil səviyyəsinə çatması üçün müvafiq olaraq Elm və Təhsil Nazirliyi ilə iş görülür. Yəni, ali məktəblərdə qastronomiya ixtisasının açılmasına çalışırıq".