Azərbaycandan xaricə gedən birgünlük turistlərin sayı 10 %-dən çox artıb

Turizm
  • 12 noyabr, 2026
  • 14:59
Azərbaycandan xaricə gedən birgünlük turistlərin sayı 10 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan turizm məqsədilə xarici ölkələrə səfər etmiş 987 min 179 turistdən 23 min 5 nəfəri birgünlük ziyarətçi olub.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.

Birgünlük ziyarətçilərdən 14 min 116 nəfəri (-1,7 %) işgüzar, 1 280 nəfəri (+2,1 dəfə) istirahət və əyləncə məqsədi ilə, 6 698 nəfəri (+30 % ) qohum və dostlara baş çəkmək üçün, 614 nəfəri (+42,5 %) mağazalara baş çəkmək məqsədilə, 297 nəfəri (+1 %) isə digər turizm məqsədləri üçün xarici ölkəyə səfər edib.

Ölkələr üzrə ən çox birgünlük ziyarətçi Türkiyənin payına düşüb -14 min 783 nəfər (+22,2 %). Siyahıda sonrakı yerləri 5 309 nəfərlə (+52,6 %) Gürcüstan, 1 706 nəfərlə (-24,5 %) Rusiya və 191 nəfərlə (-12,8 %) İran tutur. Digər ölkələrə gedən birgünlük ziyarətçilərin sayı isə 1 016 nəfər (-63,9 %) təşkil edib.

9 ayda birgünlük ziyarətçilərin ümumi xərcləri 12 milyon 266 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur.

Onlar nəqliyyata 7 milyon 17,2 min manat (-0,8 % ), qidalanmaya 762,3 min manat (+7,5 % ), idman və əyləncə xidmətlərinə 37,2 min manat (+15,9 %), malların və hədiyyələrin alınmasına 4 milyon 446,1 min manat (+18,7 %), digər istiqamətlərə 3,2 min manat (+6,6 %) xərcləyiblər.

Ölkələr üzrə ən böyük xərc Türkiyəyə məxsus olub- 7 milyon 781,5 min manat (+18,7 % ). Gürcüstanda 2 milyon 566,6 min manat (+64,6 % ), Rusiyada 961,5 min manat (-20 %), İranda 83,6 min manat (-7,4 %), digər ölkələrdə isə 872,8 min manat (-59 %) xərclənib.

Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,8 % azalaraq 1 milyon 575,3 min nəfər olub. Vətəndaşlarımızın 44 %-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % çox), 14,6 %-i Rusiya Federasiyasına (2 % az), 13 %-i Gürcüstana (17,6 % çox), 5,1 %-i İrana (44,5 % az), 23,3 % isə digər ölkələrə (2 % az) gedib.

Gedənlərin 64,1 %-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,4 %-i hava, 27,6 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib.

44 filmi