Kaya Kallas: Rusiyanın beynəlxalq razılaşmalara əməl etməsi təmin olunmalıdır
- 12 noyabr, 2026
- 15:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda diqqəti Rusiyanın müxtəlif beynəlxalq razılaşmalar çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsinin təmin edilməsinə cəmləmək lazımdır.
"Report"un Dublinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl bildirib.
Onun sözlərinə görə, hazırda əsas diqqət Rusiya və Ukrayna arasındakı danışıqlara yönəlib, lakin Avropa İttifaqı (Aİ) Moskva tərəfindən münaqişənin nizamlanmasına dair heç bir istək görmür.
Kallas vurğulayıb ki, sülhə nail olmaq üçün addımların ardıcıllığına riayət etmək lazımdır: əvvəlcə atəşkəsə və dinc əhalinin atəşə tutulmasının dayandırılmasına nail olmaq, daha sonra danışıqlara və sülh müqaviləsinin müzakirəsinə keçmək lazımdır. Yalnız bundan sonra Avropada uzunmüddətli sülh və təhlükəsizlik arxitekturası barədə danışmaq olar.
O, həmçinin qeyd edib ki, Avropa təhlükəsizlik arxitekturasının əsasları artıq beynəlxalq sənədlərdə, o cümlədən Helsinki Yekun Aktında, Paris Xartiyasında və Budapeşt Memorandumunda təsbit olunub. Kallasın sözlərinə görə, Rusiya da bu arxitektura ilə razılaşıb, lakin öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir.
"Buna görə də indi diqqəti Rusiyanın müxtəlif beynəlxalq sazişlər çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini necə təmin etməyə və onun yenidən başqa bir ölkəyə hücum etməsinə yol verməməyə cəmləmək lazımdır", - o bildirib.
Rusiya ilə mümkün danışıqlarda Aİ-ni kimin təmsil etməli olduğu barədə sualı cavablandırarkən Kallas xatırladıb ki, müvafiq razılaşmalar 2024-cü ilin iyununda əldə olunub. Onlara uyğun olaraq, təhlükəsizlik məsələləri üzrə Aİ-ni Avropa Şurasının sədri Antonio Koşta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi təmsil edir.
Kallas qeyd edib ki, Aİ liderləri bu məsələnin müzakirəsinə qayıda və başqa bir qərar qəbul edə bilərlər, lakin bu, əlavə danışıqlar tələb edəcək. Alternativ olaraq, o, 2024-cü ildə əldə edilmiş razılaşmalara sadiq qalmağı təklif edib.