Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 4 %-ə yaxın azalıb

Turizm
  • 30 aprel, 2026
  • 12:43
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 4 %-ə yaxın azalıb

Bu ilin I rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 % azalaraq 838,2 min olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gecələmələrin 57,8 %-i Bakıda, 9,6 %-i Qusarda, 5,6 %-i Naftalanda, 3,5 %-i Qubada, 3,5 %-i Qəbələdə, 2,8 %-i Lənkəranda, 1,8 %-i Gəncədə, 1,5 %-i Şamaxıda, 1,2 %-i Xaçmazda, 1,2 %-i Şabranda, 1 %-i Ağdamda, 0,9 %-i Naxçıvan Muxtar Respublikasında, 0,8 %-i Şuşada və 8,8 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Yanvar-mart aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 1,8 % artaraq 493,6 min olub ki, bu da ümumi gecələmələrin 58,9 %-ini təşkil edir.

Gecələmələrin ümumi sayının 12,8 %-i Rusiya, 12,6 %-i Türkiyə, 9,5 %-i Hindistan, 6,2 %-i Səudiyyə Ərəbistanı, 4,9 %-i İsrail, 4,4 %-i Pakistan, 3,5 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,5 %-i Çin, 3,3 %-i Qazaxıstan, 2,8 %-i Özbəkistan, 2,6 %-i Küveyt, 2,4 %-i ABŞ, 2,3 %-i Böyük Britaniya, 1,6 %-i Almaniya, 1,3 %-i İran, 1 %-i İtaliya, 0,9 %-i Gürcüstan, 0,7 %-i Ukrayna, 23,7 %-i isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,9 %-i Bakıda, 9,7 %-i Qusarda, 5,2 %-i Naftalanda, 2 %-i Qəbələdə, 1,2 %-i Qubada, 3 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 344,6 min olub ki, bu da ümumi gecələmələrin 41,1 %-ini təşkil edir.

3 ay ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri illik müqayisədə 2,9 % artaraq 128,7 milyon manat olub ki, onun da 58,2 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 %-i ictimai iaşə xidmətlərindən, 3,8 %-i müalicə və sağlamlıq xidmətlərindən, 10,7 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 18,1 % olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır. Bu göstərici Qusarda 40,4 %, Naftalanda 39,9 %, Şabranda 34,3 %, Sabirabadda 29,4 %, Bakıda 26,9 %, Salyanda 22,0 %, Bərdədə 19,6 %, Ağdamda 17,8 %, Xankəndində 17,5 %, Beyləqanda 17,2 %, Lənkəranda 16,4 %, Şamaxıda 15,8 %, Qəbələdə 15 %, digər şəhər və rayonlarda isə 15 %-dən aşağı olub.