ABŞ administrasiyası ATƏT-i aralıq seçkilərinə müşahidəçi kimi dəvət etməyib
- 07 oktyabr, 2026
- 08:38
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Trampın administrasiyası ATƏT-in müşahidəçilərini ölkədə keçiriləcək aralıq seçkilərini izləmək üçün dəvət etməyib.
"Report" xəbər verir ki, bu barədə MS NOW telekanalı məlumat yayıb.
Bu, ATƏT nümayəndələrinin 2002-ci ildən etibarən ABŞ-də keçirilən bütün federal seçkiləri mütəmadi olaraq müşahidə etməyə başlamasından sonra ilk belə haldır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi qərarı şərh edərkən bildirib ki, ATƏT "məhdud resurslarını ən böyük təsir göstərə biləcəyi seçkilərə yönəltməlidir".
Gözlənilir ki, ABŞ-də keçiriləcək aralıq seçkiləri Ədliyyə Nazirliyinin nümayəndələri tərəfindən də müşahidə olunacaq.
ATƏT isə qərarla bağlı yaydığı açıqlamada ABŞ administrasiyasının bu addımının ölkənin təşkilata üzv digər dövlətlər qarşısındakı öhdəliklərinə uyğun olmadığını bildirib.
Təşkilatın açıqlamasında qeyd olunub ki, ATƏT-ə üzv dövlətlər öz ərazilərində keçirilən seçkilərə müşahidəçilərin dəvət olunması barədə öhdəlik götürüblər.
ATƏT ABŞ administrasiyasının qərarını "təəssüf doğuran" addım kimi qiymətləndirib.