"SOCGOV 2025"də sosial xidmətlərdə süni intellekt və inklüzivlik müzakirə olunub
- 24 oktyabr, 2025
- 15:01
Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka – İnsan və Transformasiya üçün" beynəlxalq konfransı çərçivəsində "Sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik" paneli təşkil olunub.
"Report"un məlumatına görə, Türkiyənin Əmək və Sosial Təminat üzrə Təlim və Tədqiqat Mərkəzinin prezidenti Elif Gökçearslan çıxışı zamanı bildirib ki, süni intellekt təhlükəsizliyin artırılmasına kömək etsə də, daimi nəzarət və iş yerlərinin təhlükəsizliyinə mümkün təhdidlər barədə narahatlıqlar yaradır.
Onun sözlərinə görə, işəgötürənlər səmərəlilik və nüfuz baxımından fayda əldə etsə də, etika, xərc və məlumatların qorunması kimi çətinliklərlə üzləşirlər:
"Məlumat məxfiliyinin və hüquqların qorunmasının təmin edilməsi vacibdir. Tərəflər arasında əməkdaşlıq əsas şərtdir".
Avropa Sosial Şəbəkəsinin İdarə Heyətinin üzvü Zorana Uzelak süni intellektin Xorvatiyadakı tətbiq təcrübəsini bölüşərək deyib ki, dövlət "e-Vətəndaş" adlı platforma hazırlayıb:
"Bu tətbiq vasitəsilə Xorvatiya vətəndaşları müxtəlif məlumatlara çıxış əldə edir, eləcə də xidmətlər üçün onlayn müraciət göndərə bilirlər. Bu platforma təkcə sosial xidmətlərə deyil, həm də səhiyyə, ictimai xidmətlər və digər sahələrə aiddir".
BMT Universitetinin baş tədqiqatçı-analitiki Zoran Yordanoski çıxışında təhlükəsizlik məsələlərinə toxunaraq bildirib:
"Şəhərlərdə insanların 80 faizindən çoxu süni intellektdən istifadə edir. Bu, artıq süni intellektin cəmiyyətin bir hissəsinə çevrildiyini göstərir. Lakin ondan hansı məqsədlə istifadə edilməsi hər zaman aydın olmur. Hazırda bir çox ölkələr sosial müdafiə və müxtəlif xidmət sahələrində bu texnologiyadan geniş istifadə edirlər. Şəffaf idarəçilik süni intellektin daha da inkişafına şərait yarada bilər. Çox zaman qanunvericilik texnologiyanın inkişaf sürətinə çatmır. Məlumatların süni intellekt alətlərində qorunması təmin olunduğu qədər bu sistemlər də etibarlı olacaq".
O, həmçinin Azərbaycanın sosial sahədə süni intellekt tətbiqi təcrübəsini yüksək qiymətləndirib və bu istiqamətdə görülən işləri müsbət dəyərləndirib.
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov da öz növbəsində Azərbaycanın süni intellekt sahəsində təcrübələrini bölüşüb, süni intellekt üzrə 2025-2027-ci illər üzrə strategiyada süni intellekt həllərinin yaradılacağına diqqət çəkib.
Panel sual-cavab sessiyası ilə başa çatıb.