Nuriyyə Məmmədova: Psixiatriya və narkoloji müəssisələrdə kadr çatışmazlığı problemi hələ də aktualdır

Sosial müdafiə
  • 09 oktyabr, 2025
  • 14:38
Nuriyyə Məmmədova: Psixiatriya və narkoloji müəssisələrdə kadr çatışmazlığı problemi hələ də aktualdır

Müşahidələrə əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan psixiatriya və narkoloji müəssisələrdə kadr çatışmazlığı və sıxlıq problemləri aktual olaraq qalır.

"Report" xəbər verir ki, bunu Ombudsman Aparatının məsul əməkdaşı Nuriyyə Məmmədova "Psixi sağlamlıq və insan hüquqları" sahəsində İşçi Qrupunun ilk iclasında çıxışı zamanı deyib.

O bildirib ki, həm həkim, həm də orta tibb personalı baxımından mövcud olan çatışmazlıqların aradan qaldırılması psixi sağlamlıq xidmətlərinin keyfiyyətinə birbaşa təsir edən mühüm amildir:

"Eyni zamanda narkoloji müəssisələrdə növbə gözləyənlərin sayının çoxluğu bu sahədə ixtisaslı narkoloq və klinik psixoloqların sayının artırılmasını zəruri edir".

Ombudmsan əməkdaşı əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosial xidmət müəssisələrində də kadr çatışmazlığı problemi mövcuddur:

"Vakant iş yerlərinin komplektləşdirilməsinə ciddi ehtiyac duyulur. Xüsusilə psixoloq və sosial işçi vəzifələrinin vakant qalması həmin müəssisələrin sakinlərinin qanunla təsbit olunmuş və fasiləsiz psixoloji yardım almaq hüququnun tam təmin edilməsinə mane olur. Nəticədə bu xidmətlərin əlçatanlığı məhdudlaşır. Penitensiar müəssisələrdə psixiatr çatışmazlığı problemi də aktual olaraq qalır. Bu istiqamətdə konkret kadr hazırlığı proqramlarının həyata keçirilməsinə böyük ehtiyac var".

N.Məmmədova həmçinin vurğulayıb ki, bəzi hallarda cəzaçəkmə müəssisələrində olan məhkumların sonradan müəyyən psixi pozuntulara məruz qaldığı müşahidə olunur:

"Bu da onların psixi sağlamlıq vəziyyətinin yenidən qiymətləndirilməsini zəruri edir. Hesab edirik ki, cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə məruz qalmış məhkumların tibbi şəhadətləndirilməsi qaydalarına və müvafiq xəstəliklər siyahısına yenidən baxılması, həmçinin bu qaydaların təkmilləşdirilməsi vacibdir".

Son xəbərlər

Bütün Xəbər Lenti