Bu ilin 11 ayında İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə 248 müraciət daxil olub
- 19 dekabr, 2025
- 18:39
2025-ci ilin ilk 11 ayı ərzində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə 248 müraciət daxil olub.
Bu barədə "Report"a açıqlamasında İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva məlumat verib.
O qeyd edib ki, həmin müraciətlər arasında məişət zorakılığı, erkən nikaha məcburetmə kimi halları da olub:
"Son 11 ay ərzində komitə 105 ailə səfəri həyata keçirib. Bu səfərlər əsasən, təhsildən yayınma və baxımsızlıqla üzləşən, o cümlədən himayədarlıqda və qəyyumluqda olan uşaqlarla əlaqədar olub".
Mərkəz rəhbəri qohum evlilikləri ilə bağlı qadağanın cari ildə qüvvəyə mindiyini xatırladaraq, bu barədə işlərin görüldüyünü vurğulayıb:
"Xüsusilə İsmayıllının dağ kəndlərində məskunlaşmış ailələrin sayı çox az olduğundan qohum evlilikləri çox yayılmışdı. Ona görə də, qadağalarla əlaqədar həmin dağ kəndlərində maarifləndirici tədbir keçirilib, sakinlərlə söhbət aparılıb".