"Nine Senses" qalereyasında "Od, Su və Öpüşlər" sərgisi açılıb
- 29 oktyabr, 2025
- 21:15
"Nine Senses" İncəsənət Mərkəzində tanınmış Azərbaycan rəssamı Ramina Səadətxanın yeni əsərlər seriyasını təqdim edən "Od, Su və Öpüşlər" sərgisinin təntənəli açılışı olub.
"Report" xəbər verir ki, sərgidə Azərbaycan incəsənət ictimaiyyətinin nümayəndələri, rəssamlar, kolleksiyaçılar, diplomatlar, jurnalistlər və müasir incəsənətə dəyər verən əcnəbilər iştirak ediblər.
Tədbirin atmosferi səmimiyyət və ilhamvericiliyi ilə seçilirdi, ekspozisiya isə mədəniyyət və yaradıcılıq enerjisinin dialoqu üçün bir məkana çevrilmişdi.
R.Səadətxan Əzim Əzimzadə adına İncəsənət Kollecinin və Azərbaycan Dövlət İncəsənət Akademiyasının məzunudur. Onun yaradıcılığında rəsm, kollaj və pop-art abstrakt ekspressionizm elementləri ilə birləşir.
Rəssamın yeni əsərlər seriyası onun ruhu təmizləyən və bədənin dilini daha yaxşı başa düşməyə kömək edən fundamental prinsiplər və elementlər - od və su üçün poetik axtarışlarını əks etdirir.
"Nine Senses" qalereyasının akademik direktoru və sərginin kuratoru Nataliya Jukova jurnalistlərlə söhbətində bildirib ki, bu ekspozisiya rəssamın genişmiqyaslı layihəsinin ikinci hissəsidir. Ekspozisiyanın "Uomo Natura" adlı birinci hissəsi hazırda "Sea Breeze" İncəsənət Mərkəzinin finalında nümayiş olunur və hər bir insanda, xüsusilə də qadında yaşayan təbiilik, ilkin başlanğıc ideyasına həsr olunub. Kuratorun sözlərinə görə, qadın - başlanğıcdır, hər şeyin mənbəyidir və bu güc həqiqətən də tükənməzdir. Rəssam yeni əsərlərində qadının daxili aləmini - onun şüuraltı qorxularını, arzularını və gözləntilərini - zahirə yönəlmiş şəkildə ifadə edir. Bu, qadın təhtəlşüuruna intuitiv və səmimi baxış, özü ilə harmoniya yoludur.
Kurator vurğulayıb ki, sərginin "Art Weekend" proqramı çərçivəsində keçirilməsi heç də təsadüfi deyil. Tədbirin əsas simvolu su ünsürüdür - o, arxetipik olaraq qadın başlanğıcı və şüuraltı dərinliklərlə bağlıdır. Onun sözlərinə görə, hətta sərginin adındakı "öpüşlər" də qadın dünyasının bir parçasıdır - həssaslıq və duyğusallığın təcəssümüdür. N.Jukova qeyd edib ki, Ramina Səadətxan müasir Azərbaycan incəsənətinin ən parlaq və orijinal rəssamlarından biridir. Onun yaradıcılığı milli kökləri beynəlxalq bədii dillə birləşdirir. Kuratorun fikrincə, hələ ki, Raminə layiqincə qiymətləndirilməsə də, onun vaxtı mütləq gələcək - çünki o, ölkə sərhədlərini aşacaq qədər güclü fərdiyyətə və istedada malikdir.
Sərgi "For Azerbaijan" təşkilatının dəstəyi ilə müasir incəsənətə, musiqiyə və yaradıcı dialoqa həsr olunmuş "Art Weekend" proqramı çərçivəsində keçirilir.