Hicran Hüseynova: Dünyada hər altı məktəblidən biri kiberzorakılıqla üzləşir
- 09 iyul, 2026
- 15:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Uşağın hansı ölkədə yaşamasından asılı olmayaraq, sosial media, onlayn oyunlar və digər rəqəmsal platformalardan istifadə etməsi müəyyən təhdidlərlə əlaqələndirilir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün dünyada məktəb yaşlı hər altı uşaqdan biri kiberzorakılıqla qarşılaşır:
"Lakin bu, rəqəmsal zorakılığın yalnız bir formasıdır. Kibertəcavüz, kibertrafik və insan hüquqlarının pozulmasının digər formaları onlayn rejimdə də mövcuddur. Onlayn pedofiliya və yeniyetmələrin onlayn ünsiyyət vasitəsilə intihar halları da dünya miqyasında qeydə alınır. Buna görə də, problem ümumilikdə düşündüyümüzdən daha geniş və dərin olduğunu deyə bilərik. Bu fonda bir çox ölkələr sosial mediada uşaqların təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirirlər: qanunvericilik təkmilləşdirilir, yeni müdafiə mexanizmləri tətbiq olunur".
Azərbaycanda uşaqların təhlükəsizliyi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirildiyini vurğulayan komitə sədri bildirib ki, güclü qanunvericilik, görülən işlərlə yanaşı, burada valideynlərin hüquqi məsuliyyəti də vurğulanmalıdır:
"Çünki onlar uşaqların müdafiəsi sistemində əsas rol oynayır. Uşaqların təhlükəsizliyi və tərbiyəsi üçün öhdəlik və vəzifələri var. Buna görə də, ailə təhlükəsiz onlayn davranış mədəniyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır. Valideyn nəzarəti, tərbiyə prosesində iştirak və uşağın boş vaxtını necə keçirdiyinə, maraqlarına və istifadə etdiyi rəqəmsal resurslara diqqət yetirmək çox vacibdir. Eyni dərəcədə uşaqların hərtərəfli inkişafı üçün şərait yaratmaq, idmanı, yaradıcılığı, oxumağı, həmyaşıdları ilə qarşılıqlı əlaqəni və sosiallaşmanı təşviq edən digər fəaliyyətləri təbliğ etmək önəmlidir".