“Qaradağ” yatağı üzrə mis ehtiyatlarının ilkin qiymətləndirilməsi aparılıb
- 27 mart, 2023
- 09:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti "Qaradağ" mis-porfir yatağının ehtiyatları ilə bağlı məlumatların ilkin qiymətləndirilməsini aparıb.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
İlkin qiymətləndirilməyə əsasən, "Qaradağ" yatağında 300 min tondan çox mis hasil etmək potensialının olduğu təsdiqlənib.
Bildirilir ki, şirkət “AzerGold” QSC-dən "Qaradağ" müqavilə sahəsində yerləşən və şirkətin “Gədəbəy” və “Xarxar” müqavilə sahələrindən şimalda yerləşən “Qaradağ” yatağı ilə bağlı tarixi geoloji məlumatları əldə edib.
“Anglo Asian Mining plc” şirkətinin vitse-prezidenti Stiven Vesthedin sözlərinə görə, “Qaradağ” yatağında çox böyük mis ehtiyatları var: “O, bizim hasilat profilimizi xeyli artıra bilər və özlüyündə misin əhəmiyyətli minerallaşmasını təmin edir. Bu, şirkətin artan mis aktivləri portfelinə mühüm əlavədir.
Bu, ilkin hesablamadır və şirkət “Qaradağ”ın potensial inkişaf imkanlarını inanılmaz dərəcədə yüksək qiymətləndirir. Bu yatağın ildə 20-25 min ton mis istehsal edə biləcəyinə inanırıq”.
Qeyd edək ki, 2022-ci ilin iyul ayında “Anglo Asian Mining plc” şirkətinə istifadəyə verilmiş "Qaradağ" müqavilə sahəsi 344 kvadrat kilometr əraziyə malikdir. Yataq Gədəbəy Mədən Fabrikindən 16 kilometr şimal-şimal-şərqdə yerləşir.
Ötən ilin avqust ayında “Anglo Asian Mining plc” şirkəti “AzerGold” QSC-dən 3,3 milyon ABŞ dollarına “Qaradağ” müqavilə sahə üzrə tədqiqatları və hesabatları əldə edib.
Bildirilir ki, “Qaradağ” və “Xarxar” (bu sahə üçün 0,7 milyon ABŞ dolları ödəniləcək) müqavilə sahələrinin alınması “Anglo Asian Mining” şirkəti üçün transformasiya xarakteri daşıyır və onun orta səviyyəli hasilat statusuna malik mis mərkəzli mədənçıxarma şirkətinə keçid kimi strateji məqsədini dəstəkləyir. Bu, həmçinin şirkətə 3-5 illik inkişaf planını tamamlamağa imkan verəcək.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.