Nazirin müşaviri: "Gələcəyin sənayelərini formalaşdırmaqda etibarlı tərəfdaş olmağa hazırıq"

Sənaye
  • 11 iyun, 2026
  • 10:36
Nazirin müşaviri: Gələcəyin sənayelərini formalaşdırmaqda etibarlı tərəfdaş olmağa hazırıq

Azərbaycan gələcəyin sənayelərini formalaşdırmaq məsələsində etibarlı tərəfdaş olmağa hazırdır.

"Report" xəbər verir ki, bunu "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda "Technovation" Forumunda iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur: "Söhbət texnologiya, innovasiya və bilik əsaslı idarəetməyə söykənən mərhələdən gedir. Biz investorlara və tərəfdaşlara sabit və proqnozlaşdırıla bilən biznes mühiti, regionlararası strateji bağlılıq, etibarlı və hesablana bilən enerji resursları, eləcə də islahatlar hesabına müasirləşən şəffaf bir sistem təklif edirik. Ən önəmlisi isə biz ambisiya təklif edirik. "AmCham"ın (Amerika Ticarət Palatası) üzvlərinə və daha geniş beynəlxalq biznes ictimaiyyətinə sadə bir mesaj çatdırmaq istərdim: Azərbaycan gələcəyin sənayelərini, texnologiyalarını və imkanlarını formalaşdırmaqda sizin etibarlı tərəfdaşınız olmağa hazırdır".