Britaniyalı qızıl mədənçisi “Gilar” yatağında apardığı qazma işlərinin nəticələrini açıqlayıb

Sənaye
  • 31 may, 2023
  • 18:04
Britaniyalı qızıl mədənçisi “Gilar” yatağında apardığı qazma işlərinin nəticələrini açıqlayıb

Böyük Britaniyanın qızıl istehsalı ilə diqqət mərkəzində olan mədən şirkəti “Anglo Asian Mining PLC” (AAM) Azərbaycanın “Gilar” yatağında növbəti qazma işlərinin nəticələri əvvəlki qazmada bildirilən minerallaşmanın genişlənməsini təsdiqlədiyini açıqlayıb.

“Report” AAM-a istinadən xəbər verir ki, sonuncu partiyanın əsas analizlərinə qızılın və mis minerallaşmasının 51 metrlik fasiləsiz kəsişməsinin qızılın hər tonunda orta hesabla 1,9 qram, 1,4 % mis və 0,5 % sink olması daxildir.

Hesabatda qeyd olunur ki, bu sahəyə həmçinin qızılın hər tonu üçün 2,6 qram dərəcəsi olan, 2 % mis və 0,7 % sink tərkibli minerallaşmanın olduğu təxminən 34,5 metr dərinlik, eləcə də qızılın hər tonuna 4 qram dərəcəsi olan, 6,3 % mis və 3,2 % sink tərkibli minerallaşmanın olduğu təxminən 6,8 metr dərinlik də daxil edilib.

“Son dərəcə güclü qızıl sortunun və qalın mis tərkibinin olduğu “Gilar” yatağının bu genişlənməsini elan etməkdən məmnunuq. “Gilar” “Anglo Asian” üçün maraqlı layihədir və onun bu ilin dördüncü rübündə istifadəyə verilməsini səbirsizliklə gözləyirik”, - AAM-nin vitse-prezidenti Stiven Uesthed bildirib.

Şirkət qeyd edir ki, portalın ərazisinin möhkəmləndirilməsi və infrastrukturun, o cümlədən su təchizatı, elektrik enerjisi və yeraltı ventilyasiyanın inkişafı ilə yanaşı, geotexniki məqsədlərlə həyata keçirilən ikinci ventilyasiya şaxtası üçün portalın tikintisi və tunelin çəkilməsi işləri davam etdirilir.

Xatırladaq ki, əvvəlki qiymətləndirməyə əsasən, “Gilar” yatağının ehtiyatları 249 min 83 unsiya qızıl, 46 min 466 ton mis və 48 min 786 ton sink təşkil edib. AAM “Gilar”ın hesabına “Xarxar” və “Qaradağ” yataqları istismara verilənədək Gədəbəydəki hazırkı emal müəssisələrində hasilatı genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, AAM hazırda “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur. “Gədəbəy” yatağından ilk qızılın hasilatı 2009-cu ildə, gümüşün çıxarılması isə 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il isə “Veycəli”, “Gilar” və “Zəfər” yataqlarından hasilata başlamaq planlaşdırılır.

AAM 21 avqust 1997-ci ildə imzalanmış və 6 yatağın işlənməsini nəzərdə tutan HPBS tipli müqavilə əsasında fəaliyyət göstərir. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC”ninki isə 49 % təşkil edir.

2021-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, şirkət sərəncamına üç yeni müqavilə bloku alıb və birinin işlənməsi hüquqlarından imtina edib. Beləliklə, hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.

2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl, 182,046 min unsiya gümüş və 2,516 min ton mis hasil edib. AAM 2023-cü ildə qızıl ekvivalentində 50 mindən 54 min unsiyaya qədər qiymətli metal hasilatını proqnozlaşdırır. Bununla yanaşı, şirkət 2023-cü ildə 30-32 min unsiya qızıl, 4,1-4,3 min ton mis hasilatı gözləyir.