Azərbaycandakı qızıl hasilatçısı 4 600 unsiya külçə qızılın forvard satışını elan edib
- 19 iyun, 2023
- 12:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti bu ilin iyun ayından dekabra kimi 7 ay ərzində 4 600 unsiya qızıl külçə üçün forvard müqavilə ilə satış mövqeyi elan edib.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
Məlumata görə, bununla şirkətin orta səviyyəli mis istehsalçısına keçidi ilə yekunlaşan ortamüddətli inkişaf strategiyası dəstəklənir və qarşıdan gələn kapital xərcləri tələbləri fonunda tədbirli olduğu vurğulanır.
Külçə qızılın aylıq satışları hər ay büdcədə nəzərdə tutulmuş “gold doré” istehsalının təxminən 25 %-30 %-ə bərabər olub: “Müqavilələrin müddəti hər ayın sonunda başa çatır və cəmi 4 600 unsiya külçə qızıl satılıb. Forvard satışlar qızılın unsiyasına görə 1 949,75 ABŞ dollarından 1 979,25 ABŞ dollarına qədər olan qiymətlərlə həyata keçirilib. Forvard satış müqaviləsi bağlandığı zaman qızılın spot qiyməti 1 947,50 ABŞ dolları təşkil edib.
Şirkət rüblük istehsal və əməliyyat icmallarında bu forvard satış müqavilələrinin yerinə yetirilməsi barədə mütəmadi məlumat verəcək.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.