Azərbaycana sulfat turşusunun idxalının qarşısı alınacaq

Sənaye
  • 10 dekabr, 2021
  • 09:02
Azərbaycana sulfat turşusunun idxalının qarşısı alınacaq

"Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azərsulfat" MMC zavodun inşasına artıq 5 milyon manat dəyərində investisiya yatırıb. Ümumi investisiyaların həcmi 10 milyon manat təşkil edəcək. Zavodun təhvil verilməsi 2022-ci ilin martında planlaşdırılır".

"Report" xəbər verir ki, bunu bu gün "Azərsulfat" MMC-nin Baş direktoru Emil Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, zavod yerli mütəxəssislər tərəfindən qurulur: "Zavodun illik gücü 20 min ton təkil edəcək. İlkin mərhələdə xammalı xaricdən idxal edəcəyik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri bitəndən sonra xammal tam yerli istehsal hesabına olacaq".

E.Quliyev deyib ki, zavod ölkədə sulfat turşusunun idxalının qarşısını alacaq:"Hazırda Azərbaycana Rusiya və Gürcüstandan sulfat turşusu idxal olunur. Zavod inşa edildikdən sonra sulfat turşusu ölkəmizdə istehsal ediləcək. Bununla məqsədimiz idxalın qarşısını almaqdır. Həmçinin, istehsal olunan məhsulların Azərbaycandan Rusiya və Gürcüstan bazarlarına ixracı nəzərdə tutulur".

O xatırladıb ki, zavodun təməli 2020-ci ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub: "Hazırda müəssisənin tikintisi yekunlaşmaq üzrədir. Həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən bizə təşviq sənədi verilib. Sənədə əsasən bütün avadanlıqları ölkəyə gətirmişik".